Tarix boyu Cənubi Qafqaz regionu geosiyasi və strateji əhəmiyyətinə görə diqqət mərkəzində olmuşdur. Bu regionun əhəmiyyətini artıran əsas məqamlardan biri Xəzər hövzəsi enerji qaynaqlarının dünya bazarlarına nəql marşrutu üzərində yerləşməsidir. Həmçinin, çoxşaxəli Avro-Asiya nəqliyyat dəhlizinin bu bölgədən keçməsi Cənubi Qafqazın geosiyasi və geoiqtisadi dəyərini artırmaqdadır.
Sovet imperiyası dövründən miras qalan etnik münaqişə ocaqlarından biri də Dağlıq Qarabağ konflikti olmuşdur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra (18 oktyabr 1991-ci il) bu münaqişə daha da böyüyərək Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olmuş, Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi mərhələsinə qədəm qoymuşdur. Bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmuşdur. 30 ilə yaxın bir müddət ərzində beynəlxalq təşkilatların və aparıcı dövlətlərin səylərinə baxmayaraq bəzi hegemon dövlətlərin münaqişəyə ədalətsiz yanaşması və münaqişənin dondurulması yönündəki siyasəti nəticəsində bu problem həll olunmamışdır. Müxtəlif beynəlxaq və regional təşkilatlarda. ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində münaqişənin siyasi həllinə nail ola bilməyən Azərbaycan Respublikası, bu tarixi ədalətsizliyi hərbi-siyasi güc vasitəsilə həll etmək iradəsini ortaya qoyaraq, BMT TŞ dörd qətnaməsinə uyğun olaraq, 2020-ci il sentyabrın 27- dən etibarən Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində “Sülhə məcbüretmə” əməliyyatına başlamışdı.
Azərbaycan ordusu erməni işğalçılarını ağır məğlubiyyətə uğradaraq Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları düşmən işğalından azad etmiş və bölgədə yeni reallıqlar yaratmışdır. Ermənistanın acınacaqlı vəziyyətdən xilas etmək üçün Rusiyanın prosesə müdaxiləsi nəticəsində, 10 noyabr 2020-ci ildə Ermənistanın siyasi və hərbi məğlubiyyətini təsdiq edən kapitulyasiya aktı imzalanmışdır. “10 noyabr Bəyannamə”si adı ilə tarixə düşən bu saziş Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurları siyasi masada təsdiq etmiş, Azərbaycanın işğal altında olan Kəlbəcər, Laçın, Ağdam rayonlarını döyüşsüz geri qaytarılmışdır.
19 sentyabr 2023-cü il tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olub. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər.
Prezident İlham Əliyev qeyd edib ki, Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunacaq görüşdə biz gələcək ilə bağlı olan baxışlarımızı çatdıracağıq. Qarabağda yaşayacaq ermənilərin bütün hüquqları təmin ediləcək - təhsil, mədəniyyət, din hüquqları, bələdiyyə seçki hüquqları. Və bütün bunların nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranacaq, uzunmüddətli sülh yaranacaq.
Bakıxanov qəsəbəsi,107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova