Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Heç bir cəhdlərə baxmayaraq Ermənistan öz məkirli siyasətindən əl çəkmir, Qarabağın əbədi Azərbaycan torpağı olmasını heç cürə qəbul etmək istəməmələri münaqişənin daha da artmasına gətirib çıxarır.
44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər qalmaqda davam etmişdir. Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir.
Üçtərəfli Bəyanatın imzalanmasından keçən 3 il müddətində Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri ölkəmizə həm böyük maliyyə hesabına, həm də ən dəhşətlisi - vətəndaşlarımızı itirmək bahasına başa gəlmişdir. Bu müddət ərzində 314 vətəndaşımız mina terrorundan zərər çəkmiş, 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni qəsbkarlarının açdığı xain atəşin qurbanı olmuşdur.
Bütün bunlara dözümlü yanaşan Azərbaycan Laçın-Xankəndi, sonradan isə Ağdam-Xankəndi istiqamətində hərəkəti təmin etmiş, Azərbaycanın bölgədə yaşayan erməni sakinlərinin təhlükəsizliyi üçün daim xoşməramlı niyyətini ifadə etmişdir. Həmçinin davamlı olaraq həmin bölgədə xidmət aparan Azərbaycan Ordusu tərəfindən erməni sakinlərə baş verə biləcək hərbi əməliyyatlar zamanı onların təhlükəsizliklərinin Azərbaycan tərəfindən təmin olunması ilə bağlı məlumatlar verilmişdir.
Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən Şuşada, Zəngilanda, Laçında, Kəlbəcərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymuşdur. Müxtəlif dövlət qurumlarının işğaldan azad edilən Qarabağ torpaqlarında çalışan işçilərinin, həmçinin onların təhlükəsizliyini qoruyan qəhrəman polislərimizin erməni silahlı birləşmələrinin mina terroruna məruz qalması insanlarımızın böyük hiddətinə səbəb olmuşdur. Belə bir məqamda erməni silahlı birləşmələrinin Ordumuzla üzbəüz mövqelərinə əlavə qüvvələr və zirehli texnikalar cəlb etməsi isə onların məkrli niyyətinin daha böyük terror aktları törətmək olduğunu göstərməkdədir.
Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv olunmalıdır.
Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 2023-cü il sentyabrın 19-da erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü polis, ikisi mülki şəxs olmaqla, altı nəfər azərbaycanlını qətlə yetirib. Erməni hərbi birləşmələrinin bundan əlavə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində iki hərbi qulluqçu yaralanıb.
Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi, Azərbaycanın reinteqrasiya səylərini sabotaj etməsi və Azərbaycana qarşı beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş verir. Açıq görünür ki, Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddiasını davam etdirməkdir.
Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratmışdı. Təəssüf ki, Ermənistan irqçi mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməmiş və bir sıra bədnam havadarlarının fitnəsi ilə növbəti dəfə təxribat yolunu seçmişdir.
Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal antiterror tədbirlərinə başlayıb. Antiterror tədbiri cəmi bir sutka çəkdi: 19 sentyabr 13:00-da başladı, 20 sentyabr 13:00-da bitdi. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Azərbaycan orsudu öz vədlərinə sadiq qalmış dinc əhaliyə, yaşayış yerlərinə heç bir atəş açılmamışdır. Ermənistan ordusunun heç bir səylərinə baxmayaraq onların qarşısı alınmış və Ermənistan ordusu ağ bayraq qaldıraraq təslim olmuşlar. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən antiterror tədbirləri nəticəsində cəmi 1 günə ermənilər təslim oldular və Azərbaycanın bütün şərtləri ilə razılaşdılar. Qələbə! Xankəndi Azərbaycandır!
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ AZƏRBAYCANdır!
Bakıxanov qəsəbəsi, 74 № tam orta məktəbin
musiqi müəllimi İlahə Hüseynzadə