İsrail Dövlətinin rəhbəri İsxak Hersoqun Azərbaycana səfəri böyük əhəmiyyətə malikdir

İsrail Dövlətinin rəhbəri İsxak Hersoqun Azərbaycana səfəri böyük əhəmiyyətə malikdir
Azərbaycanın son illərdə apardığı məqsədyönlü xarici siyasət demək olar ki, bütün dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır və ölkəmizlə ciddi əməkdaşlıq perspektivləri açılır. Bu baxımdan İsrail Dövlətinin rəhbəri İsxak Hersoqun Azərbaycana səfəri böyük əhəmiyyətə malikdir. Bu, təkcə ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin nümayişi deyil, həm də perspektivdə qarşılıqlı yaxınlaşmanın, ikitərəfli əlaqələrimizin, inteqrasiyanın anonsudur. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. 2020-ci ildən sonra, bölgədə kimin kimlə əsl dost, gerçək qeyri-dost olduğunun ortaya çıxmasının, kartların tam açılmasının ardından artıq Azərbaycanın öz ümdə maraqlarından çıxış etməsinin, özünə dost seçməsinin zamanı gəldi. Bu ilin əvvəlində İsraildə Azərbaycan səfirliyinin açılması bu ortamda baş verdi və şübhə yoxdur ki, bu fakt iki ölkənin qarşılıqlı əlaqələrinin daha da intensivləşməsində, daha yüksək səviyyəyə qalxmasında, əməkdaşlığın inkişafında daha geniş imkanlar yaradacaq.
Rəsmi göstəricilərə görə, İsraillə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,7 milyard ABŞ dollarından çoxdur. Ancaq bu, son hədd deyil. Bu müstəvidə böyük potensial var. Azərbaycanın dövlət başçısı İlham Əliyev bu günlərdə deyib ki, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq: “Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq”. Göründüyü kimi Dövlətimizin başçısı Azərbaycanın Israillə münasibətlərə ciddi önəm verdiyini bildirməklə yanaşı təkcə neft sənayesi üzrə yox digər sahələrdə də perspektivli əməkdaşlığa ciddi önəm verir. Əməkdaşlıq edilməsi zəruri olan digər sahələrdən biri də müdafiə sənayesidir. Hər iki ölkənin yerləşdiyi coğrafi mövqeyini nəzərə alsaq bu sahədə də əməkdaşlıq üçün ciddi səbəblər var və artıq ilkin təməllər atılıb. Bundan başqa İsraildə Azərbaycan səfirliyinin açılması ilə qarşılılıqlı turist axınının səviyyəsinin yüksəlməsi gözlənilir. Reallıq belədir ki, indiyədək İsrailə səfər etmək çətin idi, viza və digər sənədləşmə məsələləri çox vaxt aparırdı. Ehtimal ki, zamanla bu məsələlər də həllini tapacaq. Əminliklə qeyd etmək olar ki, İsrail Prezidenti İskax Hersoqun ölkəmizə səfəri və iki ölkə arasında yüksək səviyyəli görüşlərin keçirilməsi ölkəmizin bölgədəki mövqelərini daha da gücləndirəcəkdir.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər