Prezident İlham Əliyev 30 may 2023-cü il tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata bəyanat verib. Cənab prezident İlham Əliyev Azərbaycan İsrail münasibətlərinin tarixi köklərindən də danışıb.
Azərbaycanın yəhudi millətindən olan 30 mindən çox vətəndaşı var. Dünyanın hər yerinə yayılmış yəhudilərin ən çox uyğunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır. Adətən ölkəmizə səfər edən əcnəbilər burada müxtəlif inanclı və etnik mənsubiyyətə məxsus insanların heç bir dini və milli problem olmadan dinc, yanaşı yaşamalarını əvvəl təəccüb, sonra isə alqışla qarşılayırlar. Dünya yəhudilərinin vətəni sayılan İsraillə Azərbarbaycan arasında yaranmış dostluq tellərinin bağlandığı dirəklər də qeyd etdiyimiz dəyərlər üzərində qərarlaşıb. Bu əlaqələr həyatın bütün sahələrini əhatə etsə də, kökündə insani dəyərlər və milli-dini tolerantlıq durur.
Rəsmi şəxslər bu haqda danışanda iki ölkə arasında münasibətlərin güclü, ciddi və qarşılıqlı hörmət əsasında qurulduğunu bildirirlər. Artıq bu əlaqələr dərin siyasi və iqtisadi əməkdaşlığa çevrilib. Dünyada geosiyasi və konfessiyalararası gərginliyinin yayıldığı dövrdə Azərbaycanla İsrail arasında dostluq əlaqələrinin genişlənməsi beynəlxalq aləmə bir mesajdır. Artıq bu ölkələrin strateji müttəfiqliyi barədə də danışmaq mümkündür. Enerji və hərbi sahələrdəki əlaqələr xüsusilə əhəmiyyətlidir.
Hazırda iki ölkə arasında təhlükəsizlik, enerji, kənd təsərrüfatı, telekommunikasiya, kibertexnologiyalar, tikinti, suvarma, tibb və turizm sahələrində qurulmuş əlaqələr uğurla inkişaf edir. Bu əlaqələr 1990-cı illərdən etibarən yaranıb və son illərdə İsrail Azərbaycanın dünyada beşinci ən böyük ticarət tərəfdaşına çevrilib.
Hazırda İsrailin neftə olan tələbatının təxminən 50%-dən çoxunu Azərbaycan təmin edir. Həmçinin Azərbaycan İsrailin hərbi müdafiə texnologiyalarına ciddi maraq göstərir və təhlükəsizliyini təmin etmək üçün onları alır. İsrail ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq xeyli artmaqdadır. 1990-cı illərin əvvəllərində Azərbaycan sənaye sahələrini tənzimlədikdən və iqtisadiyyatını sərbəstləşdirdikdən sonra İsrail şirkətləri Azərbaycan bazarlarına nüfuz etdilər. Bir çox şirkət xidmət sənayesinə investisiya yatırdı. Bir nümunə, İsrailin əsas telekommunikasiya təminatçısı olan Bezeqdir. 1994-cü ildə ticarət müqavilə tenderiylə Bezeq telefon əməliyyat sisteminin böyük bir hissəsini satın aldı.
Birinci Qarabağ müharibəsi zamanı İsrail Azərbaycana əlindən gələn dəstəyi göstərmişdir. Həmçinin 2016-cı ilin Aprel döyüşləri zamanı da‚ 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsi zamanı da İsrail dövlətinin‚ yəhudi lobbisinin və dünya yəhudilərinin Azərbaycana misilsiz dəstəyi oldu. Bu gün İsrail dövləti Azərbaycanın etibarlı hərbi və strateji müttəfiqidir. İki ölkə arasında təkcə hərbi sahədə deyil‚ təhlükəsizlik‚ iqtisadi‚ tibbi və mədəni sahələrdə də çox əhəmiyyətli əməkdaşlıq mövcuddur. İsraillə diplomatik münasibətlər və müttəfiqlik təkcə hökumətlərarası deyil. Azərbaycan xalqı ilə yəhudi xalqı arasında hələ min illərə söykənən dərin dostluq və qardaşlıq münasibətləri mövcuddur. Hər iki xalq arasında əsrlər öncəyə gedib çıxan dərin mədəni əlaqələr mövcuddur. Yəhudilərin Qafqazda və Azərbaycanda yaşadığı 2600-2700 illik qədim bir dövr ərzində Azərbaycan xalqı ilə dostluq və qardaşlıq ənənəsi mövcud olub. Yəhudilər bu günümüzə qədər hər zaman bütün tarix boyu Azərbaycana sadiqlik göstəriblər. Dünyanın hər yerində azərbaycançılığı təbliğ ediblər, Azərbaycanın milli maraqlarına hər zaman son dərəcə sadiq olublar.
Maştağa qəsbəsi, Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
müəllimi Ceyhun Sadizadə