Çağdaş dövrümüzdə iqtisadiyyatı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin sayı çoxdur. Müstəqil Azərbaycanımız da bu siyahıdadır. Ölkəmizin inkişafı, müstəqil fəaliyyəti, onun vətəndaşlarının həyat tərzinin yaxşılaşması və digər amillər üçün əsas şərt respublikanın iqtisadi potensialıdır. Xüsusilə son illərdə əldə etdiyimiz iqtisadi uğurlar bu nəticəni təsdiqləyir. Bugün biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik və bizim iqtisadi potensialımız çox güclüdür. Bunun əsasını isə təbii ki, sənaye təşkil edir. Hal-hazırda ölkəmizdə yüzlərlə zavodlar, fabriklər və digər sənaye müəssisələri fəaliyyət göstərir. Təbii ki, biz bu müəssisələrdən səmərəli istifadə etsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək.
Bütün dünya ölkələri Azərbaycanı təbii sərvətlərlə zəngin, neft ölkəsi olaraq tanıyır. Neft yataqları xalqımızın ən böyük milli sərvətidir və ondan yalnız bugün deyil, gələcəkdə də çox ehtiyatla istifadə etmək lazımdır. Danılmaz faktdır ki, neft sənayesi ölkəmizin iqtisadiyyatında çox mühüm yer tutur və qarşıya qoyulmuş gələcək planların içərisində, bu sahəni daha da inkişaf etdirmək xüsusi yer alır. Neftin və qazın Avropa istiqamətində ixrac olunması təkcə iqtisadi, kommersiya məsələsi yox, həm də siyasi məsələdir. Bu, ölkəmizin Qərb ilə inkişaf etmiş ölkələrlə inteqrasiyamızın əsasını təşkil edir.
Bugün bizim yolumuz sərbəst iqtisadiyyat yoludur və qarşıya qoyulmuş hədəflərdən biri də iqtisadi islahatlar keçirməklə, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaqdır. Ölkəmizin iqtisadi sahədə əsas strategiyası, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getməkdir və bu yolda heç bir dövlət bizə mane ola bilməz. Azərbaycan dövləti yalnız iqtisadi islahatlar keçirməklə kifayətlənmir, bununla yanaşı xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şəraitin yaradılması, ölkəmizdə özəl sektorun inkişafını qarşıya qoyulmuş əsas vəzifə hesab edir.
Azərbaycan iqtisadiyyatının digər böyük bir hissəsini isə kənd təsərrüfatı təşkil edir. Əhalinin xeyli hissəsi kənddə yaşayır və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldurlar. Həmçinin, sənayenin də böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə əminliklə deyə bilərik ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında mühüm rola malikdir. Ölkəmizin geopolitik coğrafi vəziyyəti burada kənd təsərrüfatının inkişafına böyük zəmin yaradır.
Qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin iqtisadiyyat, sənaye ilə bağlı gələcəyə dair planları çoxdur və necəki bugün uğurlu siyasət sayəsində ölkəmizin günü-gündən inkişafının şahidi oluruq, bu planların da reallaşacağına əminik. Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri iqtisadiyyatımızı inkişaf etdirmək və nəticə olaraq vətəndaşlarımızın rifahını, həyat tərzini yaxşılaşdırmaqdan ibarətdir.
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə