Azərbaycan Respublikası sosial və iqtisadi cəhətdən günü-gündən inkişaf edir, bu da ölkənin öz məqsədinə çatmağa doğru qoyduğu hədəfin nəticəsidir.
Qürur hissi ilə qeyd edə bilərik ki, xüsusilə son illər ölkəmiz üçün iqtisadi artım illəri hesab olunmaqdadır və buna bais nümunə olaraq, son 20 ildə iqtisadiyyatımızın 3 dəfədən çox artdığnı vurğulaya bilərik. Bu həqiqətən də rekord nəticə hesab oluna bilər. Çünki, bu artım sayəsində ölkəmizin xarici borcu demək olar ki minimuma endirilmişdir və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Bu günün hədəfi isə iqtisadiyyatımızı daha da şaxələndirmək, uğurlu addımlar atmaq və bu sahədə dünya miqyasında qabaqcıl ölkələrin siyahısında xüsusi yer almaqdır.
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə insitutları ilə məsləhətləşmələrə əsasən qeyd edə bilərik ki, əvvəlki illərdən fərqli olaraq, artıq, sənaye sektorunun inkişafı sayəsində bəzi infrastruktur və digər layihələr üçün əlavə vəsaitə ehtiyacımız yoxdur. Ancaq, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik.
Bu gün, Azərbaycan Avropa üçün enerji sektorunda ən etibarlı tərəfdaş olduğunu deyə bilərik. Çünki biz, artıq uzun illərdir ki, Avropa ölkələrini öz təbii ehtiyatlarımızla təchiz edirik.
Avropada təbii qaza olan tələbatın artması səbəbiylə , kəmər imkanlarımızı genişləndirmək gələcək planların siyahısındadır. Qeyd etməliyik ki, təbii olaraq bu ölkələrdə qaza tələbat hər zaman olmuşdur. Ancaq danılmaz bir faktdır ki, Rusiya-Ukrayna müharibəsindən sonra qaz təchizatınının artırılmasıyla bağlı müraciətlərin sayı artıb.
Hal-hazırda enerji satışından əldə etdiyimiz vəsaitin əsas hissəsiylə nəqliyyat infrastrukturunda əsaslı işlər görülməkdədir. Həmiçinin, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılmasına dair uğurlu addımlar atılır və ümidvarıq ki, bütün hədəflərimizə nail olacağıq. Nəzərdə tutduğumuz ən böyük hədəflərimizdən biri də, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və abadlıq işləri həyata keçirməkdir. Bütün bunlarla yanaşı “Böyük Qayıdış” adlandırdığımız dövlət proqramına da artıq start verilib və qısa müddət ərzində 400-dən çox məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb.Qarşıya qoyulmuş ən böyük hədəflərdən biri də bütün keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılmasıdır.
Azərbaycan yeni layihələrini ən müasir standartlarla həyata keçirməyi planlaşdırır. Belə ki, işğaldan azad olunmuş, Qarabağ və Şərqi Zəngəzur bölgələrin yaşıl enerji zonası elan edilib. Ölkəmizdə olan güclü enerji mənbələrinin potensialı xarici səhmdarları özünə cəlb edir və bizdə təbii olaraq bu enerjini ixrac etmək üçün lazımi ötürmə imkanları yaratmaqdayıq. Həmçinin gələcək planlarımızda, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək vardır. Çünki, bu şəhərin Türkiyə və İranla sərhəddi var və bu ölkələrdə elektrik enerjisinə tələbat çox güclüdür. Ümumiyyətlə, həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün planlara əsasən bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan ən qısa zamanda Avropa üçün çox vacib yaşıl enerji təchizatçısına çevriləcək.
Bütün sadaladıqlarımızla yanaşı hal-hazırda ölkəmizdə suyun düzgün paylanması, içməli su təchizatının bütün ölkə ərazisində təmin olunmasıyla bağlı bir çox planlar həyata keçirilməkdədir. Həmçinin, bugünkü gün Azərbaycanda metronun inkişafı, kənd təsərrüfatı, ərzaq tamlığı, bank sektoru və digər sahələrlə bağlı yeni fikirlər mövcuddur və ən qısa zamanda reallaşdırılacaqdır.
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə