Azərbaycan müdrik liderin rəhbərliyi altında davamlı inkişaf yoluna qədəm qoymuşdur

Azərbaycan müdrik liderin rəhbərliyi altında davamlı inkişaf yoluna qədəm qoymuşdur

Əlverişli coğrafi mövqeyə malik olan, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır. Onun rifahının yüksəldilməsi, sosial problemlərin həllini vacib vəzifə kimi görür. Bu istiqaqmətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkə iqtisadiyyatının inkişafı Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırır. Mühüm iqtisadi layihələrə imza atan ölkəmiz dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır.
2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, səriştəsiz qüvvələr iqtisadi dəyişkənliyin doğurduğu ağır problemlərin öhtəsindən gələ bilməmişlər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmişdir.
Azərbaycan xalqı 1993-cü ilin 10 oktyabrında Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçmişdir. Azərbaycan müdrik liderin rəhbərliyi altında davamlı inkişaf yoluna qədəm qoymuşdur. Tarixin həmin dönəmində çevik siyasi addımlar atmaq, beynəlxalq əlaqələri nizamlamaq qarşıda duran mühüm vəzifələrdən idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında həlledici rol oynadı. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir.
Dünyanın siyasi xəritəsində kiçik bir ərazini tutan Azərbaycan artıq geosiyasi məkana çevrilə bilmişdir. Bir çox iqtisadçılar dövlət quruculuğunda və sürətli iqtisadi inkişafda əldə edilmiş uğurları bəzən təbii sərvətlər amili ilə izah etməyə üstünlük verirlər. Ancaq bu da bir həqiqətdir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı dövlətimizin nail olduğu yüksəlişə, inkişafa müvəffəq ola bilməmişdir. Doğrudur, təbii resursların mövcudluğu ciddi amilə çevrilərək müəyyən rol oynayır. Bununla bərabər sərvətlərin səmərəli istifadə edilməsi, fəaliyyətin forma və metodları da olduqca əhəmiyyətlidir. Bunun üçün güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharəti kimi keyfiyyətlərə malik nüfuzlu lider olmalıdır.
Cənab İlham Əliyev seçkilərdən dərhal sonra cəmiyyətin bütün təbəqələrini əhatə edən islahatlar həyata keçirməyə başladı. Hökumət demək olar ki, dəyişdirildi. Yeni və gənc, yüksək təhsilə malik olan, vətənpərvər, korrupsiya və rüşvətxorluqdan uzaq olan şəxslər yüksək vəzifəyə gətirildi, hökumət yenidən formalaşdırıldı.
Prezident İlham Əliyev son 19 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını reallaşdırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının yaxşılaşdırılması prinsipi dayanır.
Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. Sosial dövlət cəmiyyətdə sosial ədalətə, sosial sülhə və sosial əməkdaşlığa söykənən yeni münasibətlərin yaranmasına səy göstərən, xalqa xidmət edən dövlətdir.
Əhalinin yaşayış halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər ilin dövlət büdcəsində də qarşıya vacib məsələ kimi qoyulub. Hazırda ölkəmizin əsas inkişaf yollarından biri vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması , yüksək standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, Prezidentimizin yeni sərəncamları, minimum pensiyanın, eləcə də minimum əməkhaqlarının artırılması təşəbbüsü mühüm addımlardandır. Məhz bu uğurlu daxili siyasətin nəticəsində ölkəmiz dünya orenasında sayılıb-seçilən mövqeyə sahibdir.

Dövlətimizin siyasi və iqtisadi qüdrətinin artması, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, əldə edilmiş uğurların bir çox ölkələr üçün nümunə olması çox sevindirici bir haldır.
Bu gün hər bir Azərbaycan vətəndaşı dövlət başçısının yanında olduğunu, onun müstəqil, humanist siyasətini dəstəklədiyini fəxrlə dilə gətirir.

Zabrat qəsəbəsi, 71 nömrəli orta məktəbin
ibtidai sinif müəllimi Ülviyyə Xudaverdiyeva


Oxşar xəbərlər