Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir

Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın  həyatını daha da yaxşı etməkdir Bu gün Azərbaycanda həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində ölkə iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. İqtisadi inkişaf nəticəsində əldə edilən gəlirlər isə təbii olaraq sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb, nəzərə çarpan dərəcədə valyuta ehtiyatları yaratmağa imkan verib.
Azərbaycanda həyata keçirilən islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı və rəqabətli Azərbaycan iqtisadiyyatının formalaşdırılmasıdır. Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin ana xəttini təşkil edir. Sosial islahatların həyata keçirilməsi bütün ölkələrdə çətin və məsuliyyətli iş hesab edilmişdir. İqtisadi cəhətdən güclənən Azərbaycanda da insanların sosial müdafiəsi güclənir və rifah halı yüksəlir. Dövlət başçısı İlham Əliyevin sosial siyasətinin mərkəzində məhz vətəndaş rifahının təminatı prinsipi dayanır. Əsas məqsəd vətəndaşların sosial durumunun yüksəldilməsi, aztəminatlı və həssas qruplara aid vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılmasına hesablanır. Prezident cənab İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsində qeyd etmişdir: "Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər."
Bu gün inkişaf etmiş Qərb ölkələrində inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya isə idxal edilmiş inflyasiyadır. Çünki biz dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Ölkəmizin hər ili bütün sahələrdə qürurverici uğurlarla başa vurması, daim irəliyə doğru inamla addımlayaraq yeni hədəfləri müəyyənləşdirməsi, çağırışlar səsləndirməsi düşünülmüş və məqsədyönlü, ən əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əsas amildir.
Ötən il ölkəmizin neft-qaz sektorunda, həmçinin qeyri-neft sektoru sahəsində uğurları davamlılığı ilə diqqət çəkdi. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Ölkəmiz neft, qazla yanaşı, elektrik enerjisi ixracatçısı kimi də dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etməsi özündə bütün məqamları ehtiva edir. Azərbaycanın iqtisadi imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsində özünün aydın ifadəsini tapır. Azərbaycan Respublikasında vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması həmişə diqqət mərkəzində olub. Ölkə prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla vətəndaşlara verilən əmək pensiyaları və müavinətlərin artırılması insanların razılığı ilə qarşılanır. Azərbaycanda iqtisadi və sosial sahədəki siyasət bir-birini tamamlayır. Azərbaycanda elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin.
Ölkəmizdə geniş sosial islahatların keçirilməsi, sosial layihələrin reallaşdırılması da əhalinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir.


Kürçaylı Məmmədov
Salyan Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri

Oxşar xəbərlər