9 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəisi İlham Cəbrayılov - Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Yollar həm insanların rahatlığını təmin edir, həm də iqtisadiyyatın hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi bunun təsdiqidir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. Reallıq budur ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.