Prezidentimiz hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır

Prezidentimiz hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır Azərbaycanın tərəqqisi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub.Xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi. Seçkilərin nəticələrinə əsasən İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Dövlətimizin başçısının həyata keçirdiyi prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkədə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub. Bunu təkcə yerli siyasi və iqtisadi ekspertlər deyil, həm də dünyanın nüfuzlu reytinq və beynəlxalq təşkilatları də etiraf edirlər. Digər tərəfdən, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər dünya ölkələrinə nümunə olaraq göstərilir.

Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülmüş addımların nəticəsidir ki, Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Həmçinin, Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox dövlətlərini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Fransanın “Opinion Way” şirkəti Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə ölkəmizin bütün bölgələrində keçirdiyi geniş rəy sorğusunun nəticələrinə görə, respondentlərin 91,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Həmçinin sorğuda iştirak edənlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin gördüyü işləri, o cümlədən Azərbaycanda sosial-iqtisadi

fəaliyyəti, dövlətimizin başçısı tərəfindən bu sahədə son illərdə aparılan islahatları yüksək qiymətləndiriblər. Eyni zamanda, sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib.

Dövlətimizin başçısının təsdiqlədiyi böyük sosial paketlərin reallaşdırılması nəticəsində Azərbaycanda minimum əməkhaqqı və pensiyalar qaldırılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi təmin olunub. Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu amil dayanır. Buna görə də Azərbaycan dövləti gələcəkdə daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.

“2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq” – Prezident İlham Əliyev.

Asiman Paşayev

Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin direktor müavini

Oxşar xəbərlər