Bütün keçmiş köçkünlər dədə-baba torpaqlarına qayıdacaqdır

Bütün keçmiş köçkünlər dədə-baba torpaqlarına qayıdacaqdır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Vətən savaşı qələbəmizlə başa çatan vaxtdan indiyədək görülən tikinti, bərpa-quruculuq layihələrinə nəzər salanda Azərbaycanın iqtisadi qüdrəti haqqında aydın təsəvvür yaranır. Çünki ölkəmiz kənardan heç bir maliyyə yardımı almadan bu gün də bərpa prosesində möhtəşəm nəticələr əldə edir. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bununla bağlı danışarkən tezliklə bütün keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmaq istədiklərini və bu prosesin tezləşdirilməsi üçün ciddi səy göstərildiyini bildirib. Dövlətimizin başçısı daha sonra deyib: “Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq. Bununla paralel olaraq, biz bir çox kəndlərdə artıq inşaat işlərinə başlamışıq. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq”.
Ölkə rəhbəri, eyni zamanda, təhlükəsizlik məsələlərinin də diqqət mərkəzində saxlanıldığını, 279 azərbaycanlının mina partlayışlarında ya həlak olduğunu, ya da ki, öz sağlamlığını itirdidiyini vurğulayıb.
Prezident İlham Əliyev müsahibəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iki il ərzində genişmiqyaslı infrastruktur obyektlərinin qurulduğunu, elektrik enerjisi ilə bağlı bütün məsələlərin həllini tapdığını, bu yaşayış sahələrinin vahid bir enerji şəbəkəsinə qoşulduğunu xatırladaraq azad olunmuş torpaqlarda 11 su elektrik stansiyasının inşa edildiyini, onların generasiya gücünün təqribən 55 meqavata çatdırıldığını bildirib. Yeri gəlmişkən, hazırda 7 stansiya inşa olunur və bütövlükdə bölgədə 50-yə yaxın su elektrik stansiyasının yaradılması nəzərdə tutulur. Onu da qeyd edək ki, müharibədən dərhal sonra Qarabağda ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatının da bərpasına başlanılıb. Təqribən 60 min hektarda taxıl səpini aparılıb. Bundan başqa, bağçılığın inkişafı diqqətdə saxlanılıb, sənaye parklarının yaradılmasına başlanılıb. Məsələn, Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq, Cəbrayıl Sənaye Parkında isə 10 milyonluq investisiya layihələri təsdiqlənib.
Ölkə rəhbərinin müsahibəsinə əsasən, hazırda iki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Düşməndən təmizlənən ərazilərdə geniş bərpa-quruculuq işləri aparılıb, ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi ilə Böyük Qayıdış başlanıb. Zəngilan Beynəlxalq Hava Limanının açılışı gerçəkləşib, Laçın şəhəri nəzarətimizə verilib, Laçın dəhlizinin marşrutu dəyişdirilib.
Prezident İlham Əliyev müsahibədə Ağalı kənd sakinlərinin məskunlaşdırılmasından danışarkən deyib: “Bu, doğrudan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğurdan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq”.
Prezident İlham Əliyev həmçinin, müsahibəsində qeyd etdi ki, Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.
Zəngəzur dəhlizinin işə düşməsi, faktiki olaraq, dünya miqyasında mühüm tarixi hadisə kimi qəbul edilir. Onun müxtəlif aspektləri vardır. Lakin həmin aspektlər kompleks şəkildə Azərbaycanda müstəqil dövlət quruculuğu kursunun uğurlarını ifadə edir. Əhəmiyyətlidir ki, bu məqam bütövlükdə region və beynəlxalq aləm üçün pozitiv bir məqamı əks etdirir. Yəni, Azərbaycan müasir tarixi mərhələdə xalqların rifahının yaxşılaşmasına, dövlətlərin suverenliyinin möhkəmlənməsinə xidmət edən proqramlar həyata keçirir. Bu isə o deməkdir ki, Azərbaycan artıq dünya miqyasında müstəqil mövqeyi olan və sözünə qiymət verilən nüfuzlu dövlətdir!



Asudə Kərimova,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin müəllimi, YAP fəalı

Oxşar xəbərlər