Xalqımız 30 illik böyük bir həsrət yaşadı: Qarabağ həsrəti. Bəzilərimizə bitməyəcək kimi göründü bu həsrət, bəzilərimiz böyük bir ümidlə , səbrlə gözlədik bu həsrətin bitməsini. Nəhayət ki , Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında , igid oğullarımızın böyük şücaəti sayəsində rəşadətli ordumuz qələbə qazandı. Öz yurdundan , yuvasından didərgin düşən insanlar “ nəhayət ki , evimizə qayıdacağıq “ – deyib sevindilər. Lakin mənfur düşmənlər gözəl Qarabağımızda çox böyük ekoloji terror törətmişdi. 30 il ərzində işğal altında olan bütün ərazilər xarabalığa çevrilmiş, infrastruktur məhv edilmiş, yollar, tarixi və mədəni abidələr dağıdılmış, hektarlarla ərazi minalanmışdır. Ermənistan “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi “ haqqında BMT konvensiyasını pozaraq çaylarımızı ağır formada çirkləndirmiş, əvəzsiz fauna və floraya malik olan Qarabağımızın meşələrini qırmış, çoxillik, qiymətli ağacları xarici ölkələrə satmışdır. Təbiətin nizamı pozulmuş, torpaq qatları erroziyaya uğramışdır.
Bütün bunların aradan qaldırılması məqsədilə möhtərəm Prezidentimiz İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “ Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı “ təsdiq edilmişdir. Bu proqrama əsasən işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, yolların çəkilişi, infrastrukturun bərpası , məktəb və xəstəxanaların tikilməsi həyata keçirilir. Əvvəlcə ərazilərin minalardan təmizlənməsi işləri aparılır.
Böyük Qayıdışın təmin edilməsi və bir çox insanın 30 illik yurd-yuvasına qovuşmaq arzusunu yerinə yetirmək üçün bu gün də Qarabağda bərpa işləri davam etdirilir. “Yaşıl Zona” adlandırılan bu ərazilərdə meşə fondunun yaradılmasına , məhv edilmiş meşələrin bərpası və yeni meşə sahələrinin salınmasına da xüsusi fikir verilir. Meşələrin bərpası isə fauna və floranın bərpasına yollar açacaq. Azad olunmuş ərazilərimizdə elektrik stansiyaları, yarımstansiyalar, ötürücü stansiyalar yenidən qurulur. Təbiətə zərər verməməkdər ötrü isə alternativ enerji mənbələrindən istifadə planlaşdırılır. Külək və Günəş enerjilərindən istifadə etməklə bir çox infrastrukturların enerji ilə təminatı nəzərdə tutulur.
Biz bir yumruq kimi birləşərək böyük Zəfər qazanan Azərbaycan xalqıyıq. “ Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın həyata keçirilməsində də heç nəyi əsirgəməyəcəyik.
Çünki dövlətimizin başında xalqın həmişə güvəndiyi və inandığı prezidenti durur.
Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
biologiya müəllimi Çimnaz Abbasova