Zəngəzur dəhlizi Azərbaycanın qovşaq rolu oynadığı Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətli elementi kimi nəzərdən keçirilir

Zəngəzur dəhlizi Azərbaycanın qovşaq rolu oynadığı Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətli elementi kimi nəzərdən keçirilir Sentyabrın 16-da Özbəkistanın qədim şəhəri Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Çin Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər böyük iqtisadi-sənaye və investisiya potensiallarına malık ölkələrin rəhbərlərinin dəvət edildiyi bu sammitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edərək çıxış etmişdir.
Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd zirvəsində Azərbaycan Prezidentinin iştirakı və həm də bu iştirakın Paşinyanın nümayişkaranə şəkildə sammitdən imtinası fonunda gerçəkləşməsi özlüyündə əhəmiyyətli tarixi hadisədir. Bu mötəbər toplantıda çıxış edən ölkə rəhbəri Azərbaycanın imkanlarını təqdim emişdir. Bildirilib ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Bu gün Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.
Qeyd edilib ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.
Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaqdır.
Azərbaycan ŞƏT-in üzvü olmasa da, təşkilata üzv ölkələrdən heç də kiçik olmayan təqdimatlar edir. Bütün bunlar həm də o deməkdir ki, Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı Zəngəzur dəhlizi Şanxay Əməkdaşlıq Təşkilatı sistemində səmərəli əməkdaşlıq istiqamətlərini şaxələndirən çox güclü elementə çevrilir.
Son altı ayda gedən proseslər Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinə ehtiyacını kəskin artırıb. İndiyədək bu dəhlizə böyük maraq göstərməyən Moskva artıq onun işə salınması prosesini maksimum sürətləndirməyə çalışır. Bu isə dəhlizin Azərbaycandan keçən hissəsinə də ehtiyacı artırır. Belə ki, Asiyadan İran-Türkmənistan-Qazaxıstan üzərindən keçməklə yüklərin Rusiyaya və əksinə daşınması çox vaxt aparır. Türkmənistanın mövcud infrastrukturu yükdaşımaların ciddi artırılmasına imkan vermir. İran və Rusiyanın Xəzər dənizindəki mövcud yükdaşıma imkanları da həmçinin. Bu isə Azərbaycan üzərindən keçən quru yolların – avtomobil və dəmiryollarının əhəmiyyətini artırır.
Zəngəzur dəhlizi Azərbaycanın qovşaq rolu oynadığı Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətli elementi kimi nəzərdən keçirilir. Bu mənada Prezident İlham Əliyevin ŞƏT-in Səmərqənd zirvəsində və ikitərəfli görüşlərdə Zəngəzur dəhlizi və 10 noyabr sənədinin tam icrasının vacibliyi məsələsini gündəmə gətirməsi təkcə Azərbaycanın maraqlarında olan məsələ deyil. Bu dəhlizin yaradılması Azərbaycan qədər ŞƏT dövlətlərinin də marağındadır. Lakin hər marağın həyata keçirilməsi üçün münbit siyasi, regional və beynəlxalq şərtlərin olması vacibdir. Yeni və daha səmərəli əməkdaşlıqların axtarışında olan ŞƏT ölkələri Zəngəzur dəhlizinin işləməsində öz faydalarının konkret çərçivəsini cızmalıdır. Bu faydalar isə o halda real olacaq ki, 10 noyabr 2020-ci il və ondan sonrakı razılaşmaların icrası naminə Ermənistana təzyiqlər göstərilsin. Burada Rusiya ilə bərabər ŞƏT-in ən iri güclərindən olan Çin və digər maraqlı dövlətlərdən gözləntilər var.
Ermənistanın bu prosesi əngəlləməsi faktiki olaraq onun özünün növbəti böyük regional layihədən kənarda qalmasına gətirib çıxaracaq. Təbii ki, Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi isə Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən mühüm beynəlxalq nəqliyyat arteriyasının bir hissəsidir. Əlbəttə, Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.
Lakin eyni zamanda bu dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə əhəmiyyətli töhfə olacaq.

Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
müəllimi Şəbnəm Rəhimova


Oxşar xəbərlər