Ordumuzun qüdrətini artıran xalq-ordu birliyi

Ordumuzun qüdrətini artıran xalq-ordu birliyi 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixində hər zaman ən parlaq səhifə kimi xatırlanacaqdır. Bu əzmkar, möhtəşəm qələbənin çalınmasında ordumuzla bərabər qüdrətli Azərbaycan xalqının da payı vardır.
Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Döyüşlər başlayandan son günə qədər Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşərək ordumuzun qələbə çalması üçün əlindən gələni etdi. Əli silah tutan minlərlə Azərbaycan övladı könüllü şəkildə ordu sıralarına qatılaraq döyüşlərdə yaxından iştirak etdi. Düşmənin çirkin təxribatları zamanı evlərini tərk etməyən insanlar döyüşlərin sonuna qədər öz əzimini, ordumuza olan inamını nümayiş etdirdi. Dilindən, dinindən asılı olmadan hər bir Azərbaycan vətəndaşı daim ordumuzu dəstəklədi. Vətən azadlığı uğrunda günbəgün möhkəmlənən ümumxalq həmrəyliyi Azərbaycanı möhtəşəm qələbəyə qovuşdurdu. Azərbaycan xalqı düşmən hərbi təxribatlarına cavab verilməsi, işğal altında olan torpaqların azad edilməsi üçün ordumuzun əks-hücum əməliyyatlarını məmnunluqla qarşıladı, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun yanında olduğunu nümayiş etdirdi. Azərbaycanın bütün bölgələrindən ordumuza dəstək göndərilməsi hərbi qüvvələrimizi qələbəyə daha da ruhlandırırdı.
“Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir”, - deyən ümummilli liderimiz Heydər Əliyevin sözləri II Qarabağ müharibəsində də öz əksini tapdı. Bu savaş zamanı ölkəmizdə milli birlik və siyasi həmrəylik öz qüdrətini göstərdi. Arxa cəhbədə sərfərbər olan xalq Ali Baş Komandanın əmrini gözləyərək hər an döyüşlərə hazır vəziyyətdə dayandı. 30 illik vətən həsrətinə son qoymaq üçün “Hər şey Vətən üçün!”, “Qarabağ Azərbaycandır!” şüarları altında sıx birləşən xalqımız səbirsizliklə ölkə prezidentinin müjdəli çıxışını gözləyir, hər kəndin, hər qəsəbənin işğaldan azad olunma xəbərini böyük sevinc və təntənə ilə qarşılayırdı. Ali Baş Komandanımızın söylədiyi kimi, məhz birlik, əzm, iradə – güc böyük qələbəmizi reallaşdırdı.
Qarabağ müharibəsində qazandığımız qələbənin əsasında xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın iradəsi, əzmi, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır. Bu mənada, qazanılan qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya bir daha göstərdi.
Hazırda ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Belə ki, 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlar həmçinin Vətən Müharibəsi zamanı, dövlətimizin, ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Xalq orduya inanır, ordu xalqa güvənir. Hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir. Deməli, yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin, hərbi qulluqçularımızın yüksək intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət, qazanılan zəfərlərin əsasında xalq-ordu birliyi dayanır. Bu birlik eyni zamanda bütün dünya xalqlarına nümunədir.

Sabunçu rayonu, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova

Oxşar xəbərlər