Hər zaman doğum günlərini şəhid ailələri, məcburi köçkünlərlə qeyd edən Prezidentimiz növbəti doğum günündə Şuşada olmaqdan qürur hissi keçirirdi

Hər zaman doğum günlərini şəhid ailələri, məcburi köçkünlərlə qeyd edən Prezidentimiz növbəti doğum günündə Şuşada olmaqdan qürur hissi keçirirdi Hadrut qəsəbəsi 44 günlük Vətən müharibəsinin 13-cü günü işğaldan azad edildi. Hadrutun azad edilməsini qəbul edə bilməyən düşmən həmişə olduğu kimi yalanlara üz tutmuş, Hadrutun onların əlində olduğunu, müharibədə üstünlük qazandıqlarını iddia etmişdilər. Qəsəbə azad edildikdən sonra Ermənistan ordusunda fərarilik halları daha da çoxalmış, düşmənin iradəsi sınmışdı. Həmçinin, Hadrutun azad edilməsi Şuşaya gedən yolları açmışdı.

24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Hadrut qəsəbəsində hərbi hissənin açılış mərasimində iştirak etdi. Əvvəlcə himn səsləndi, daha sonra cənab prezident İlham Əliyev çıxış etdi. O, çıxışında qeyd etdi ki, ordu quruculuğu dövlətin hər zaman diqqətindədir. Müharibə bitsə də, hərbi hissələr yaradılır, bəzilərində isə yenidən təmir-bərpa işləri aparılır, ordumuz yeni və ən müasir silah-sursatlarla təmin edilir. Bu gün Ermənistan ordusu yoxdur. Halbuki, onlar yeni torpaq iddiası irəli sürür, erməni tanklarının Bakıda olacağını deyirdilər. Bəli, erməni tankları Bakıdadır, ancaq onları qalib Azərbaycan əsgəri gətirib.

Cənab Ali Baş Komandanın çıxışından sonra bayraq təslim edildi. Hadrut qəsəbəsində şanlı Azərbaycan əsgərinin düşməni qorxuya salacaq “Havada, quruda, dənizdə - hər zaman və hər yerdə mən varam! Kim? Komando! Komando ölməz, Vətən bölünməz!” nidaları səsləndi. Daha sonra hərbi yürüş keçirildi və tədbir yekunlaşdı.

Tədbirdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Şuşaya səfər etdilər. Prezident bildirdi ki, Şuşaya yeddinci səfəridir. Hər zaman doğum günlərini şəhid ailələri, məcburi köçkünlərlə qeyd edən prezident bu gün Şuşada olmaqdan qürur hissi keçirirdi. Cənab İlham Əliyev onu da qeyd etdi ki, atasının da, Qarabağın alındığını görə bilməyən yüzlərlə məcburi köçkünün də ruhu artıq şaddır. Ümummilli lider Heydər Əliyev hər zaman Qarabağın alınacağına, Şuşada muğam oxunacağına inanırdı. Bu inam xalqı ayaqda tutmuşdu.

Bu gün Qarabağ azaddır. Azərbaycan xalqının başı dik, alnı açıqdır. Azərbaycan əsgəri tək bir əli yalın adamın qanını tökmədən, tək bir tarixi tikiliyə zərər vurmadan, şərəf və ləyaqətiylə qələbə qazanmışdır. Bizim əsgər ən rahat şəraitə, ən dadlı yeməyə, ən gözəl həyata layiqdir. Dövlətimiz də bunun üçün əlindən gələni əsirgəmir. Var olsun, Azərbaycan əsgəri! Yaşasın, şanlı ordumuz!

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva


Oxşar xəbərlər