Metro istifadəçilərinə şad xəbər

Metro istifadəçilərinə şad xəbər “Bakıda metro stansiyalarının sayı 76-a çatdırılacaq”.

Bunu Redaktor.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, proses 2030-cu ilə qədər davam edəcək:

“2011-ci ildə təsdiq olunan konseptual inkişaf proqramına uyğun olaraq, yeraltı yollarının ümumi uzunluğu 119,1 km, elektron depoların sayı isə 5 olacaq. Hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikinti hissəsinin son mərhələsi bitmək üzrədir. Stansiya Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın qarşısında yerləşir. Ən müasir sistemlərin təchizatı ilə inşa edilən bu stansiyanın arxa tərəfində 193.91 metr uzunluqda keçid kamerası da tikilir. Stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq”.

Metropoliten rəsmisi inşa ediləcək stansiyaların xətlər üzrə başladığı və bitdiyi məntəqələrin geniş əraziləri əhatə edəcəyini vurğulayıb:

“Bənövşəyi xətt – Avtovağzaldan başlayaraq Babək prospekti istiqamətindən keçəcək və Qaraçuxur qəsəbəsinə qədər davam edəcək. Qırmızı xətt – Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. Mavi xətt – Yasamal yaşayış sahəsi ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsini birləşdirəcək. Sarı xətt – Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Yaşıl xətt – dairəvi olacaq. Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək”.

Qeyd edək ki, 2011-ci ildə prezident İlham Əliyev Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxşar xəbərlər