Hindistanın “Air İndia” hava yolları şirkətinin pilotları London-Mumbai reysi ilə uçan “Boeing 787 Dreamliner” təyyarəsinin 11 yaşlı sərnişini Bakı aeroportunda yaddan çıxarıb
Virtualaz.org xəbər verir ki, insident iyulun 10-da baş verib.
“Air İndia” şirkətinin London-Mumbai reysi ilə uçan “Boeing 787 Dreamliner” təyyarəsi texniki nasazlıq üzündən Heydər Əliyev Bakı Beynəlxalq Aeroportuna qəza enişi edib. Təyyarədəki nasazlığı həmin gün aradan qaldırmaq mümkün olmadığından “Air İndia” şirkəti sərnişinlər üçün yeni təyyarə göndərib. Sərnişinlər yeni təyyarə gələnə qədər Bakı aeroportunda 12 saatdan çox gözləməli olublar.
Təyyarənin sərnişinlərindən biri də 11 yaşlı Karan Sinqh Kotari idi. O, Mumbaidən olan imkanlı ailənin oğludur, Londonda təhsil alır və həmin gün Hindistana ailəsinin yanına qayıdırdı. Beynəlxalq mülki aviasiya normalarına görə 12 yaşdan aşağı uşaqların valideyinlərin müşaiyəti olmadan uçmasına ancaq bir şərtlə icazə verilir ki, həmin uşaq təyyarənin heyət üzvlərinin himayəsinə verilsin. Karanın ailəsi bunun üçün ayrıca xidmətdən istifadə edib.
Təyyarə qəza enişi edəndə ekipaj üzvləri Karanı kondisionerin işlədiyi salonda 2 saat saxlayıblar. Daha sonra ona təyyarədən çıxmağa icazə veriblər, hindistanlı uşaq Bakı aerportunun ərazisinə daxil olub və ekipaj onu orada müşaiyətsiz buraxıb. Karan Sinqh 12 saat ərzində aerportun ərazisində baxımsız qalıb.
Uşağın valideynləri bildiriblər ki, o, bütün gecəni bir buterbrod və bir stəkan su ilə keçirib. Karanın anası Sonali deyir ki, təyyarə Bakıya qəza enişi edəndə ekopaj üzvləri onun oğlu qarşısında bütün məsuliyyətini yaddan çıxarıb. Yaxşı ki, uşaq Hindistandan gələn yeni təyyarəyə minik başladığını eşidib və qapıya tərəf qaçıb, aerport əməkdaşlarına valideyinlərinin müşaiyəti olmadan uçduğunu təsdiq edən sənədi təqdim edərək təyyarəyə minə bilib.
Valideyinləri qeyd ediblər ki, uşağın 12 saat başqa sərnişinlərin də olduğu terminalda nəzarətsiz qalması nəticəsində müxtəlif hadisələr baş verə bilərdi, o, səhvən başqa təyyarəyə də minərdi.
Ailə bildirir ki, Karan ildə 12 dəfə London-Mumbai-London reysi ilə gedib-gəlir və belə hadisə ilk dəfə baş verir.
“Ona vəhşicəsinə yanaşıblar, heç bir başqa aviaşirkət bunu etməzdi ki, Air İndia edib”- Karanın babası deyir. Valideyinlər şirkətə baş verənlərə görə kompensasiya ödəmək üçün iki həftə vaxt veriblər, kompensasiya ödənməsə onlar məhkəməyə müraciət edəcəklər.