Avropa İranla danışıqlar masasına oturacaq - Yeni səhifə açılır?

Avropa İranla danışıqlar masasına oturacaq - Yeni səhifə açılır? Avropa İttifaqı (Aİ), Almaniya, Fransa və Britaniya iyunun 20-də Cenevrədə İran tərəfi ilə görüşüb nüvə proqramını və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.

"Reuters" xəbər verir ki, Almaniya, Fransa və İngiltərə İsraillə İran arasında müharibənin dayandırılması məqsədilə cümə günü Cenevrədə xarici işlər nazirləri səviyyəsində İranla danışıqlar aparmağı planlaşdırır.

Bildirilir ki, danışıqların məqsədi İran tərəfindən nüvə proqramından yalnız mülki məqsədlər üçün istifadə edəcəyinə dair qəti zəmanət almaqdır.

Verilən məlumata görə, görüşün əsas gündəmi İranın nüvə proqramı və Yaxın Şərqdə artan münaqişələr olacaq. Hələlik tərəflər tərəfindən rəsmi açıqlama verilməsə də, diplomatik dairələrdə sözügedən təmasların bölgədəki gərginliyin azaldılması istiqamətində mühüm addım ola biləcəyi düşünülür.

Daha əvvəl bir çox beynəlxalq danışıqlara ev sahibliyi edən Cenevrənin bu təmaslara səhnə olması Qərblə İran arasında donmuş diplomatik münasibətlərin yenidən canlana biləcəyi ilə bağlı şərhlərə səbəb olub.

Əgər görüş baş tutsa, bu, uzun müddətdir məhdud olan Qərb-İran diplomatik münasibətlərində yeni səhifə aça bilər və indi bütün diqqətlər cümə günü keçirilməsi gözlənilən mümkün sammitə yönəldilə bilər.

Oxşar xəbərlər