2025-ci il dekabrın 3-də Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqatın gedişatını ilə bağlı jurnalistlərə açıqlama verib.Bu barədə Zakon.kz məlumat yayıb.
Onun sözlərinə görə, istintaq iki hissəyə bölünüb.
"Birincisi, Baş Prokurorluğun məşğul olduğu cinayət hissəsidir. Onlar rusiyalı həmkarları ilə əlaqə saxlayırlar. İkinci hissə isə Nəqliyyat Nazirliyinin təhqiqatına aiddir - bu, son mərhələdədir. Ona görə də biz hazırda lisenziya verənlərdən və ya texnologiya, aviasiya alətləri və s. sahiblərinin yekun rəyini gözləyirik", - Bozumbayev bildirib.
Onun sözlərinə görə, bu il və ya gələn ilin əvvəlində başa çatdırıla bilər.
"Baş Prokurorluğa gəlincə, onlar sıx təmasdadırlar. Orada da irəliləyiş var; siz qonşu dövlətlərin müxtəlif rəhbərlərinin bəyanatlarını görmüsünüz. Ona görə də ümid edirik ki, gələn il orada işlər yekunlaşacaq", - Bozumbayev əlavə edib.
2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. İyirmi doqquzu sağ qalıb.