Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur

Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur
Azərbaycanın xarici siyasətində Asiya qitəsinin böyük və kiçik dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr, bu regionda yaradılmış və müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq və regional qurumlarla münasibətlər xüsusi bir istiqamət təşkil edir. Qitə ölkələri ilə Azərbaycanın münasibətləri və əlaqələrinə bu bölmədə bir neçə istiqamət üzrə - Cənub-Şərqi və Cənubi Asiya dövlətləri, Yaxın və Orta Şərq ölkələri, Mərkəzi Asiya ölkələri və subregional təşkilatlar və s. çərçivəsində ayrıca baxılır.
Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Dövlətimizin başçısı Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoq mövcud olduğunu bildirərək deyib: “Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır”.
Ölkəmizin Türk dünyası ilə münasibətləri xüsusi önəm daşıyır. Prezident İlham Əliyev bəyan edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksəksəviyyəli qarşılıqlı səfərlərdir. Təsadüf deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bunun nəticəsidir ki, bu ilin ilk beş ayı ərzində Azərbaycanın bu bölgənin ölkələri ilə ticarət dövriyyəsinin həcmində artım müşahidə olunub. Azərbaycanın 2022-ci ildə SPECA ölkələri ilə ticari dövriyyəsi 3.6 dəfə artaraq 1.3 milyard dollara çatıb. Bu rəqəm hazırki ilin ilk 10 ayında 1.2 milyard idi ki, bu da keçən ilin eyni dövründən 16% çoxdur.
Azərbaycanın 1998 – ci ildə yaradılmış BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram – SPECA-ya 2002 – ci ildə qoşulması region ölkələri ilə əməkdaşlığı daha da gücləndirmişdir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
Qeyd etmək lazımdır ki, SPECA-nın ildə bir dəfə Rəhbər Şurasının iclası, bir dəfə də İqtisadi Forumu keçirilir. Proqram çərçivəsində “Su, enerji və ətraf mühit”, “Statistika”, “Dayanıqlı nəqliyyat, tranzit və əlaqəlilik”, “Elmə əsaslanan inkişaf”, “Ticarət”, “Gender və dayanıqlı inkişaf məqsədləri” işçi qrupları fəaliyyət göstərir. Azərbaycan bütün işçi qruplarında iştirak edir. Hal-hazırda Azərbaycan SPECA-ya rəhbərlik edir.
Noyabrın 22-də Bakı Ekspo Mərkəzində SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışı keçirilmişdir. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan sərgidə iştirak etmişdir. Onu da qeyd etmək lazımdır ki, SPECA təsis edildikdən sonra ilk dəfə Bakıda dövlət və hökumət başçıları səviyyəsində Zirvə Görüşü keçirilir.
Regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını labüd edir. Bu baxımdan SPECA çərçivəsində fəaliyyət çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır.

Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin
tarix müəllimi Gülnaz Quliyeva

Oxşar xəbərlər