Məmur-vətəndaş münasibətləri sağlam təməllər üzərində qurulmalıdır

Məmur-vətəndaş münasibətləri sağlam təməllər üzərində qurulmalıdır Dövlətimizin başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürəndə təbii ki, burada əsas məqamların, çağırışların nədən ibarət olduğunu da açıqladı. İqtisadi artımın qeyri-nefr sektorunun hesabına olmasını təmin etmək üçün regionların malik olduqları potensialdan səmərəli istifadənin prioritetliyini bildirdi və bunu konkret Dövlət proqramlarının qəbulu və uğurlu icrası ilə təsdiqlədi. Dövlətimizin başçısı regional inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq bölgələrə səfərlər etdi. Eyni zamanda, hər bir il çərçivəsində mütəmadi olaraq Nazirlər Kabinetinin hesabat dövrü ilə əlaqədar müşavirəsini, həmçinin regionların sosial-iqtisadi inkişaf proqramlarının ildönümləri ilə bağlı yekun tədbirlər keçirərək qarşıya qoyulan vəzifələrin hansı səviyyədə yerinə yetirildiyinə dair hesabatlar dinlənildi.
Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən qeyd etdi ki, əfsuslar olsun bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.
Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin hər sahədə nümunəvi olması istəyini ortaya qoyur və bunun üçün zəruri addımlar atır, müvafiq qurumlara tapşırıqlarını verir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulunda da məqsəd bu sənəddən irəli gələn vəzifələrin uğurlu icrası, Azərbaycanın hərtərəfli inkişafına töhfə verməkdir. Yeni mərhələnin əsas məqsədi təbii ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bunun üçün ölkənin malik olduğu iqtisadi potensial daha da gücləndirilməli, qeyri-neft sektorunun inkişafı sürətləndirilməli, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunmalı, yeni iş yerlərinin açılmasına şərait təmin edilməli, sahibkarlıq inkişaf etdirilməli, sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı əhəmiyyətli dərəcədə artırılmalıdır. Ölkəmiz qeyd olunan istiqamətlərin hər biri üzrə uğurlu nəticələrə nail olub.
Atdığı hər addımı ilə 2003-cü ildə verdiyi “Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədini yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyən Prezident İlham Əliyevin dövlət məmurlarından tələbi hər zaman bu olub ki, xalqın yanında olun, onların qayğıları ilə yaşayın, həlli istiqamətində ciddi səylər göstərin. Dövlət başçısı İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən tələb edir: Vətəndaşlarla münasibətdə şəffaflığın artırılması, etik qaydalara əməl edilməsi, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsi və vətəndaş məmnunluğunun təminatı əsasdır.


Oxşar xəbərlər