Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir

Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir

Azərbaycanda konstitusionalizmin nəzəriyyə və praktikasının öyrənilməsi dövlətçilik prinsiplərinin tətbiqi, demokratik cəmiyyət quruculuğunun inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə, Azərbaycanda konstitusionalizm təcrübəsi mövcud olmuşdur. Həm Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu 1918-ci ildə konstitusiya aktları, həm də respublikamız Sovet İttifaqının tərkibində olduğu zaman Konstitusiyası qəbul edilmişdir. Sovet İttifaqı dövründə yazılan Konstitusiya heç də ölkəmizin maraqlarını, onun milli özünəməxsusluğunu əks etdirməmişdir. Əslində, bu sənəd Azərbaycan üçün sırf formal səciyyə daşımışdır. Bunu həmin sənəddə milli atributların, dövlət dili ilə bağlı maddənin əks olunmaması da təsdiq edir.
Müstəqilliyimizin ilk illərində məhz dövlətçilik prinsiplərinin olmaması, ölkəmizin dünya hüquq sistemində mövqelərini möhkəmlətməyə nail olmaması onun erməni separatçıları tərəfindən başladılan haqsız ərazi iddialarına tutarlı cavab verə bilməməsi ilə nəticələnmişdi. Həmin dövrdə müstəqil Azərbaycanın Konstitusiyasının olmaması ölkədə digər qanunların tam gücü ilə işləməməsinə gətirib çıxarırdı. Çünki SSRİ dövründə qəbul edilən Azərbaycan Konstitusiyası, ona edilən dəyişiklərə baxmayaraq, müstəqil dövlətin reallıqlarını əks etdirə bilmirdi. Hüquq sisteminə, cəmiyyətə nizamı yalnız Konstitusiya gətirə bilərdi. Bu nizamın yaradılması isə hər bir xalqın, ölkənin həyatında tarixi nailiyyətdir. Dağlıq Qarabağ münaqişəsi, ölkədə baş verən siyasi proseslər dövləti konstitusional hüquq quruculuğundan uzaqlaşdırırdı. Müasir dövrdən baxdıqda, Azərbaycanın həmin illərdə necə mürəkkəb vəziyyətə düşməsini daha yaxşı anlamaq olur. Hüquqi nizamın yoxluğu, eyni zamanda, cəmiyyətdə demokratik prinsiplərin də bərqərar olmasını ləngidir, ölkəni illərlə geriyə atırdı. Demokratiyanın tez bir zamanda Azərbaycanda bərqərar edilməsi isə ölkəmiz üçün yeganə çıxış yolu, müstəqilliyimizin dünya hüquq sistemində təsdiqi demək idi. Həmin illər Azərbaycanda siyasi çəkişmələr, hakimiyyət uğrunda gedən hətta qanlı mübarizələr onların buna qadir olmadığını göstərdi. Belə vəziyyətdə hüquqi nizamı yalnız dövlətçiliyin nəzəriyyəsi və praktikasını dərindən bilən bir lider qura bilərdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının əsas məqsədi bu olmuşdur. Xalq məhz onun ölkəyə sabitlik gətirəcəyinə inanmış və geridə qalan illər də göstərmişdir ki, Azərbaycan cəmiyyəti bu məsələdə yanılmamışdır. Əgər Ümummilli Lider hakimiyyətə gəlməsəydi, müasir dövrdən nəzər yetirdikdə ölkəni nə gözləyəcəyini təsəvvür etmək belə çətin görünür.
1993-cü ildə yenidən rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev öz müdrik siyasəti və eyni zamanda, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu, ölkəmiz öz liderinin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev belə mürəkkəb vəziyyətdə ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, iqtisadi siyasət prioritetlərinin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması vəzifələrinin öhdəsindən məharətlə gəldi. Həmin dövrdə mövcud olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, həmçinin insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə təminat vermirdi. Məhz bu səbəbdən müstəqil dövlət qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu.
Milli Məclisin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. Ümummilli Lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verib, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirib, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf edib. Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev bildirmişdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”. 1995-ci il noyabrın 27-də isə qüvvəyə mindi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirir və bu istiqamət ölkəmizin əsas prioritetidir. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bundan əlavə 30 il yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına da şərait yaradacaq.

Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər