Müasir dövrdə informasiya təhlükəsizliyi hər bir ölkənin real müdafiə sisteminin bir hissəsinə çevrilib

Müasir dövrdə informasiya təhlükəsizliyi hər bir ölkənin real müdafiə sisteminin bir hissəsinə çevrilib
Müasir dövrdə hər bir ölkənin gücü onun təbii sərvətlərində deyil, insan kapitalında və elmi-texnoloji inkişafında ölçülür. Cənab prezident İlham Əliyevin 3 noyabrda Milli Kitabxanada etdiyi çıxışda da vurğulandığı kimi, “Gələcəyin tükənməz sərvəti məhz intellektual potensialdır. Təbii resurslar bir gün tükənə bilər, amma elmə, təhsilə və insana qoyulan sərmayə daim öz bəhrəsini verir.”
Bu gün Azərbaycan elmi və gəncliyi qarşısında mühüm vəzifə durur – bilgi, bacarıq və yaradıcılığı ölkənin inkişafına yönəltmək. Mənim fikrimcə, elm yalnız laboratoriyada deyil, həyatın hər sahəsində tətbiq olunmalıdır. Hər bir müəllim, tələbə, alim və gənc bu prosesin fəal iştirakçısı olmalıdır.
Rəqəmsallaşma da bu inkişafın əsas sütunlarından biridir. Rəqəmsal xidmətlər həyatımızı sadələşdirir, idarəetmədə şəffaflığı artırır və vətəndaş rahatlığını təmin edir. Bu gün ölkəmizdə rəqəmsal texnologiyaların geniş tətbiqi dövlətin gələcəyə yönəlmiş siyasətinin bariz göstəricisidir.
Texnoloji tərəqqi ilə yanaşı, kibertəhlükəsizlik məsələsi də ön plana çıxır. Müasir dövrdə informasiya təhlükəsizliyi hər bir ölkənin real müdafiə sisteminin bir hissəsinə çevrilib. Bu sahəyə diqqət göstərmək həm dövlət, həm də vətəndaş məsuliyyətidir.
Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, “Süni intellekt artıq gələcəyin ayrılmaz hissəsidir. Bu sahədə irəliləmək üçün biz müasir texnologiyalara açıq olmalı, yeni ideyaları cəsarətlə reallaşdırmalıyıq. Mən inanıram ki, Azərbaycan gəncləri bu istiqamətdə öz sözünü deyəcək. Çünki süni intellekt yalnız texnologiya deyil, düşüncə tərzidir — ağıllı qərarlar verməyi, daha səmərəli işləməyi öyrədir.”
Xüsusilə diqqətçəkən məqam isə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq bu sahədə öz istehsalını qurub və inkişaf etdirməyə davam edir. Mənim fikrimcə, bu nailiyyət yalnız hərbi sahədə deyil, həm də elmi-texnoloji baxımdan böyük irəliləyişdir. Çünki bu, ölkəmizin texnoloji müstəqilliyinə və yaradıcı potensialına inamın göstəricisidir.
Nəticə etibarilə, Azərbaycanın inkişafının əsasında bilik, elm və texnologiya dayanır. Əgər biz elmə, innovasiyaya və gənc beyinlərə etimad göstərsək, gələcəyin modern, güclü və dayanıqlı Azərbaycanını birgə quracağıq.

Ramana qəsəbəsi, 198№-li tam orta ümumtəhsil məktəbin
direktor səlahiyyətlərini müvəqqəti icra edən Rüfanə Abdullayeva

Oxşar xəbərlər