
Azərbaycanın enerji siyasəti təsadüfi və ya kortəbi şəkildə deyil, əksinə, dərindən işlənmiş proqramlara əsaslanaraq mərhələli şəkildə həyata keçirilir. Bu sahədə dövlət başçısının birbaşa nəzarəti və təşəbbüsləri prosesin effektivliyini təmin edir. İstər yeni enerji bloklarının inşası, istərsə də mövcud blokların istehsal gücünün artırılması müasir texnoloji həllər əsasında icra olunur. Eyni zamanda Azərbaycan bu sahədə bir sıra beynəlxalq tərəfdaşlarla, o cümlədən İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrlə sıx və məhsuldar əməkdaşlıq edir. Bu əməkdaşlıqlar nəticəsində ölkəyə müasir texnologiyalar gətirilir və onların tətbiqi genişlənir. Enerji sahəsinin modernləşdirilməsi həm də yeni texnoloji trendlərin ölkə daxilində sürətli tətbiqini təşviq edir. Bu strateji yanaşmanın ayrılmaz hissəsi kimi, Mingəçevirdə və digər regionlarda enerji sahəsinə yönəlik ixtisaslaşmış təhsil müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə gənc mütəxəssislər yeni bilik və bacarıqlarla silahlandırılır, onlara müasir enerji texnologiyaları öyrədilir. Beləliklə, Azərbaycanda yalnız enerji istehsalı deyil, eyni zamanda bu sahədə peşəkar kadr bazasının formalaşdırılması da təmin olunur. Bu gün Azərbaycan enerji sahəsində yalnız istehsalçı yox, eyni zamanda elmi-texniki bilikləri tətbiq edən və ixrac edən bir mərkəzə çevrilməkdədir. Bütün bu proseslər ölkədə enerji zəncirinin – istehsaldan insan kapitalının formalaşmasına qədər vahid bir sistem olaraq uğurla işlədiyini göstərir.
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və liderliyi nəticəsində enerji sahəsində bütün zəncirvari proseslər planlaşdırmadan icraya, istehsaldan ixraca qədər vahid bir sistemə çevrilib. Bu yanaşma təkcə daxili siyasət üçün deyil, həm də Azərbaycanın xarici siyasət strategiyasında əhəmiyyətli rol oynayır. Azərbaycan heç bir ölkənin enerji modelini olduğu kimi təkrarlamır. Əksinə, ölkə öz müstəqil enerji modelini formalaşdıraraq regional və qlobal enerji xəritəsində fərqlənməyi bacarıb. Əlbəttə, müəyyən sahələrdə dünya təcrübəsindən, müxtəlif ölkələrin uğurlu praktikasından yararlanılır. Lakin bütövlükdə, Azərbaycanın enerji siyasəti milli maraqlar üzərində qurulan və yerli reallıqlara uyğunlaşdırılmış özünəməxsus bir yanaşmadır. Bu strategiyanın əsasında Ümummilli Lider Heydər Əliyevin qoyduğu təməl dayanır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkəni beynəlxalq enerji əməkdaşlığında etibarlı tərəfdaşa çevirmişdir.
Nəticədə, artıq bir sıra ölkələr Azərbaycanın enerji sahəsində tətbiq etdiyi model və təcrübə ilə maraqlanır, onu öyrənir və bəzi hallarda öz enerji sistemlərində tətbiq edirlər. Azərbaycanın bu sahədə qazandığı nüfuz və təcrübə ölkəmizi təkcə resurs ixrac edən deyil, həm də enerji siyasəti ixrac edən dövlətə çevirir. Bu isə müasir dövrdə strateji üstünlüyün və milli gücün vacib göstəricilərindən biridir.
Dilbər Rəhimova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru