Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş digər ərazilərimiz kimi Cəbrayıl rayonu da daim diqqət mərkəzindədir

Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş digər ərazilərimiz kimi Cəbrayıl rayonu da daim diqqət mərkəzindədir
4 oktyabr 2020-ci il. Doğma Cəbrayıl 27 il sonra tanış ayaq səslərinə səksəndi. Bəli, müzəffər əsgəri onun düşmən tapdağında əbədi qalmasına əsla razı olmayacaqdı. Zaman gəlib çatmışdı. Mənfur düşməni həmişəlik türk yurdundan çıxarmaqla bağlı müqəddəs cihad başlamışdı artıq.
Cəbrayıl xalqımız üçün Qarabağa qayıdışın simvoluna çevrilmişdi. Yurd-yuvasından didərgin edilmiş soydaşlarımızın bir qismi Cocuq Mərcanlıya qayıtmaqla “Böyük qayıdış”ın icrasına başlamışdılar. 2016-cı ilin aprel döyüşləri elə zəfərə gedən yolun başlanğıcı oldu. 2020-ci ilin oktyabrında Cəbrayıl üçün bu missiya uğurla başa çatmış oldu.
Hərbi əməliyyatlar qədim türk taktikasına əsaslanırdı. Ordumuz Füzuli-Cəbrayıl və Murovdağ-Kəlbəcər istiqamətlərində paralel hərəkət etməklə düşməni üzük qaşı kimi mühasirəyə aldı. Hərbi əməliyyatlar çətin idi, amma icraçılar qətiyyətli, Mübariz ruhlu, Polad iradəli idi. Geriyə çəkilməkdən əsla söhbət gedə bilməzdi. Hər gün qarış-qarış azad edilən vətən torpaqlarımızın içində Cəbrayılın kəndləri də vardı. 27 sentyabr 2020-ci ildə rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Bütövlükdə ordumuz hərbi əməliyyatlar zamanı Cəbrayıl şəhəri də daxil olmaqla, rayonun 90 kəndini işğaldan azad etdi.
Tarixi qələbələrimiz anbaan artırdı. Tarixən şimali və cənubi Azərbaycanı birləşdirən, Şəddadilər dövründən yadigar qalan Xudafərin körpüsünün işğaldan azad edilməsi böyük ruh yüksəkliyi ilə qarşılandı vətənimizdə. Birlik rəmzimiz olan bu körpü üzərində şanlı bayrağımızın dalğalanması xəbəri cənublu soydaşlarımızda bir başqa təəssüratlar oyatdı. Dəstəyini müxtəlif yollarla göstərən soydaşlarımız Azərbaycan əsgərinin hər qələbə xəbərinə candan sevinir, könüldən şad olurdu.
Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş digər ərazilərimiz kimi Cəbrayıl rayonu da daim diqqət mərkəzindədir. Rayonun bərpa-yenidənqurma tədbirləri bütün sahələrdə aparılmaqdadır. Rayonun elektrik təchizatı təmin edilmiş, sakinlərin gələcəkdə rahatlığını təmin etmək məqsədilə yeni yol çəkilməsinə başlanmışdır.
Prezident İlham Əliyev müharibədən dərhal sonra Cəbrayıl rayonuna səfər etmiş, Xudafərin körpüsü üzərində əzəmətli üçrəngli bayrağımızı ucaldılmışdır.
Artıq “Böyük qayıdış” uğurla davam edir. Hər bir kənd, uğrunda şəhidlər verilmiş, qanlar tökülmüş hər bir qarış torpaq doğma vətəndaşlarımızla məskunlaşdırılacaq. Bu məskunlaşma əbədi olacaq, dönməz olacaq.

Sabunçu qəsəbəsi, 67 nömrəli tam orta məktəbin
tarix müəllimi Sevinc Quluzadə

Oxşar xəbərlər