Azərbaycanın sözü imzası qədər dəyərlidir

Azərbaycanın sözü imzası qədər dəyərlidir
Qədim tarixi, zəngin maddi və mənəvi irsi, özünəməxsus mədəniyyəti, əsrarəngiz təbii -coğrafi şəraiti, tükənməz sərvətləri olan ölkəmiz müxtəlif dövrlərdə neçə-neçə sınaqlardan keçmiş, torpaqlarına göz dikən düşmənlərlə mübarizə aparmışdır. Müstəqilliyini bərpa etdikdən sonra doğma Vətənimiz Azərbaycan ən müasir tarixinin 30 ilə yaxın dövrünü yenə ağır və çətin bir imtahan- Qarabağın azadlığı üçün mübarizəyə həsr etmişdir. Nəhayət, 2020-ci ildə 44 günlük müharibədə qazandığı Şanlı Qələbə ilə haqqı olanı alaraq torpaqlarını düşmən tapdağından azad etmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin olunması istiqamətində məsələlərə nöqtə qoyan son addım oldu. Bu əməliyyat həm regionda sülh və sabitliyin bərqərar olunması, həm də işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyimizin tam şəkildə bərpası baxımından tarixi əhəmiyyət daşıyır.
2020-ci ilin 10 noyabrında imzalanmış kapitulyasiya aktına baxmayaraq, Qarabağ bölgəsində 10 mindən artıq Ermənistanın qanunsuz silahlı birləşmələri qalmaqda idi. Halbuki, üçtərəfli Bəyanata əsasən, həmin silahlı birləşmələr üç il əvvəl ərazidən çıxarılmalı idi. Dövlətimiz bu müddətdə gərginliyin qarşısını almaq, reinteqrasiya prosesini təmin etmək və məsələni danışıqlar yolu ilə həll etmək üçün humanist mövqe nümayiş etdirdi. Təəssüf ki, erməni tərəfi bu çağırışlara adekvat cavab vermədi, əksinə silahlı qüvvələrin sayını artırdı, yeni texnika gətirdi və separatçı fəaliyyətini davam etdirdi. İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkəmizin suveren ərazisində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun qanunsuz olduğunu bildirmişdi. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq etsə də, Ermənistan rəhbərliyi bu tələbləri qulaqardına vurdu.
2023-cü ilin sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbəri Samvel Şahramanyan separatçı qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da, 24 saatdan az müddətdə Ermənistan ordusu Azərbaycan ərazisindən tam çıxarıldı, xunta rejimi süquta uğradı, əsas separatçı liderlər həbs edildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il 15 oktyabrda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaldaraq dövlətimizin tam suverenliyini və ərazi bütövlüyünü bütün dünyaya nümayiş etdirdi.
Bu il artıq ərazi bütövlüyümüz tam bərpa olunmasının ikinci ili tamam olur. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə, müzəffər Ordumuzun keçirdiyi bu antiterror əməliyyatı, suveren dövlətimizin qüdrətini və ədaləti bərpa etmək qabiliyyətini bütün dünyaya bir daha sübut etmişdir.
Alidə Aslanova-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər