Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Əhalinin daimi məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan “Qarabağ Universiteti” Xankəndi şəhərində yerləşir. 20 sentyabr 2024-cü ildə isə Prezident İlham Əliyev universitetin təmirdən sonra açılışında iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşüb. 23 sentyabr 2024-cü il tarixindən etibarən isə Qarabağ Universiteti 1154 tələbə, 6 fakültə, 27 ixtisas ilə ilk tədris ilinə başlayıb. Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı tələbə qəbulu aparılacaq. Qeyd edək ki, Qarabağ Universiteti 1969-cü ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir.
Universitetin əsas missiyası ölkənin dayanıqlı sosial, iqtisadi və mədəni inkişafına töhfə verə bilən və beynəlxalq standartlara uyğun keyfiyyətli yüksək ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və innovativ həllər təqdim etməklə cəmiyyətə faydalı xidmətlər göstərməkdir.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova