İşğal olunmuş torpaqların azad olunmasından beş il ötür. Bu beş il ərzində həmin ərazilərdə otuz ilə yaxın işğal dövründə məruz qaldığı dağıntıların bərpası ilə yanaşı daha innovativ layihələr tətbiq edilmiş və quruculuq işləri aparılmışdır. 2023-cü il 31 iyul tarixində cənab prezident İlham Əliyevin sərəncam əsasında hər il 20 sentyabr günündə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qəbul edilmişdir. Bununla da hər il Azərbaycan xalqının yaddaşında zəfər hissi yenidən yaşanır. Bu çox önəmli addımdır, çünki milli-mənəvi ruhun yüksəkliyi hakimiyyətin yeganə mənbəyi olan xalqın dövlətə inamını möhkəmləndirir, əbədi edir.
Cənab Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı ilə təsdiq edilmiş və daha sonra icrasına başlanılmışdır. Bu proqramın icrası ilə hər il minlərlə azərbaycanlı öz doğma yurduna təhlükəsiz şəkildə geri qayıdır. Beləliklə, illərlə öz sahiblərindən ayrı düşmüş torpaqlarda yaşayış təmin edilir.
Dövlətin həmin rayonlarda həyata keçirdiyi tədbirlər planı nəticəsində Qarabağ və Şərqi-Zəngəzur şəhər və rayonları qısa bir dövr ərzində sosial-iqtisadi və mədəni baxımdan ölkənin digər bölgələrinin inkişaf səviyyəsinə yüksəlmişdir. Digər tərəfdən həmin bölgələrin digər regionlardan asılı qalmaması əsas priorritetlərdən biridir və bunun üçün sürətli yenidənqurma işləri fasiləsiz davam edir. Çoxlu sayda iaşə obyektləri və təhsil, tibbi müəssisələri açılmışdır. 20 sentyabr 2024-cü ildə Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirakı ilə Qarabağ universitetin açılışı baş tutmuşdu. Bu universitetin açılması ilə bir sıra sahələr üzrə mütəxəssis yetişdirilməsinə başlanılmışdır. Adı çəkilən ali təhsil müəssisəsində Qarabağ klinkasının təşkili və 2025-ci ildən etibarən fəaliyyətə başlaması tibb üzrə kadr ehtiyatının təmin edilməsi baxımdan xüsusilə əhəmiyyətli rola malikdir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan İsmayılova