Rusiya gizli evakuasiya əməliyyatı həyata keçirir – Moskva diplomatlarını İsraildən niyə çıxarır?

Rusiya gizli evakuasiya əməliyyatı həyata keçirir – Moskva diplomatlarını İsraildən niyə  çıxarır? Radar izləmə sistemlərində qeydə alınan xüsusi uçuş bölgədə yeni gərginliyin işarəsi hesab olunur.

Flightradar24 məlumatına görə, Rusiyanın Tu-214SR (RA-64516) tipli yüksək təhlükəsizlikli təyyarəsi bu həftə Moskva–Təl-Əviv marşrutu ilə uçub.

Tu-214SR adi kommersiya təyyarəsi deyil. Bu tip aviasiya vasitələri VIP əlaqə mərkəzi, təhlükəsiz rabitə retranslyatoru və fövqəladə evakuasiya üçün istifadə olunur. Hərbi və diplomatik müstəvidə belə uçuşların qeydə alınması ciddi siyasi siqnallar sayılır.

İsrailin 13-cü telekanalı bildirib ki, artıq bir sıra rus diplomatları və ailə üzvləri ölkəni tərk edib. Bu fakt regionda baş verən son proseslər – xüsusən də İsrail–İran qarşıdurmasının alovlanması fonunda xüsusi əhəmiyyət daşıyır.

Müşahidəçilərin fikrincə, Moskvanın belə addımı regionda yeni İsrail–İran müharibəsi ehtimalının gücləndiyini göstərir. Əlavə diqqətçəkən məqam isə odur ki, bu cür məlumat və təhlillər ilk növbədə SEPAH-a bağlı teleqram kanalları vasitəsilə tirajlanır.

Beləliklə, Rusiya diplomatik missiyasını təhlükəsiz şəkildə çıxarmağa başlayıb – bu isə bölgədə vəziyyətin dramatik şəkildə dəyişəcəyinə dair xəbərdarlıq ola bilər.

Oxşar xəbərlər