
Qarabağ torpaqları Azərbaycan xalqı üçün müqəddəs məkandır. Bu ərazilər təkcə coğrafi baxımdan deyil, həm də tarixi, mədəni və dini baxımdan xalqımızın kimliyini ifadə edir. Otuz ilə yaxın işğal dövründə Qarabağ torpaqları ağır dağıntılara məruz qalmış, yüz illər boyu qorunub saxlanılan dini və mədəni abidələr viran edilmişdir. Xüsusilə məscidlərimizin təhqir olunması xalqımızın qəlbində silinməz izlər buraxmışdır. Ancaq 2020-ci ildə əldə edilən Zəfər bu həsrətə son qoydu və Qarabağ yenidən öz sahiblərinə qovuşdu. Məhz bundan sonra ölkəmiz üçün yeni bir dövr – bərpa və quruculuq dövrü başlandı. Azad olunmuş torpaqlarda həyatın bərpası istiqamətində həm dövlətimiz, həm də qardaş ölkələr böyük səylər göstərməyə başladılar. Qardaş Türkmənistanın Füzuli şəhərində məscid inşa etmək təşəbbüsü isə bu səylərin ən parlaq nümunələrindən biridir. Türkmənistan rəhbərliyinin bu addımı Azərbaycan–Türkmənistan dostluğunun, qardaşlığının və mənəvi birliyinin rəmzi kimi tarixə düşməkdədir. Bu məscidin tikilməsi dini baxımdan böyük əhəmiyyət kəsb edir. Qarabağın azan səsi uzun illər susdurulmuşdu. İndi isə Türkmənistanın hədiyyəsi olan bu məscid azan səsini yenidən Qarabağ səmasına ucaldacaq, xalqımızın mənəvi gücünü artıracaq. Həm də bu məscid türkmən və azərbaycanlı xalqların əsrlərdən bəri davam edən qardaşlığının canlı şahidi olacaq. Azərbaycan–Türkmənistan münasibətlərinin bu səviyyəyə çatmasında dövlət başçılarının böyük rolu olmuşdur. Xüsusilə Ulu öndər Heydər Əliyevin siyasi irsini qeyd etmək lazımdır. Heydər Əliyev hələ sovet dövründə belə türkdilli xalqlar arasında əməkdaşlığın vacibliyini vurğulamış, müstəqillik illərində isə bu istiqamətdə əsaslı addımlar atmışdır. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmış və türkmən xalqı ilə dostluğun möhkəmlənməsi üçün zəmin yaranmışdır.
Bu gün cənab prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan regionda güclü və söz sahibinə çevrilmişdir. Qarabağın azad olunması, azad edilmiş torpaqlarda aparılan sürətli quruculuq işləri məhz cənab Prezidentin dəmir iradəsi və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. İlham Əliyevin təşəbbüsü ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qardaşlıq münasibətləri möhkəmlənmişdir.Türkmənistanla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də məhz onun fəaliyyəti nəticəsində baş vermişdir.
Türkmənistanın Füzulidə inşa edəcəyi məscid həm də cənab Prezidentin "Qarabağ Azərbaycandır!" şüarının parlaq təcəssümüdür. Çünki bu məscid Qarabağın dirçəlişinə, mədəniyyətimizin və dini dəyərlərimizin bərpasına xidmət edəcək, gələcək nəsillərə həm azadlığın, həm də qardaşlığın simvolu kimi qalacaqdır. Türkmənistan lideri Qurbanqulu Məlikquliyeviçin təklifi əsasında həyata keçiriləcək bu layihə Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanmışdır. Məscidin inşası sadəcə dini ibadət üçün bir məkanın yaradılması deyil, həm də Azərbaycan–Türkmənistan münasibətlərinin qardaşlıq ruhunda inkişaf etdiyinin canlı sübutudur.
Bu məscid həm dini, həm də mənəvi baxımdan böyük rəmzi məna daşıyır. İşğal zamanı Qarabağda məscidlərimiz dağıdılmış, bəziləri heyvan saxlanılan yerlərə çevrilmişdi. Bu, xalqımız üçün böyük təhqir idi. İndi isə Türkmənistanın hədiyyə etdiyi məscid bu təhqirin üzərindən qalxacaq, Qarabağın göylərində yenidən azan səsi ucalacaqdır. Bu azan səsi təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk-islam dünyası üçün qardaşlıq və birlik çağırışı olacaqdır. Məscid həm də mədəniyyətimizin və dini irsimizin bərpasına mühüm töhfə verəcək. Burada keçiriləcək dini mərasimlər, bayram namazları və müxtəlif tədbirlər xalqımızın mənəvi həyatını zənginləşdirəcək. Eyni zamanda, məscid gələcəkdə Qarabağa qayıdacaq insanlar üçün mənəvi dayaq olacaq, onların doğma yurdlarına bağlılığını daha da gücləndirəcəkdir.
Nəticə etibarilə, Türkmənistanın Qarabağda məscid inşa etməsi sadəcə bir dini abidənin tikilməsi deyil, həm də böyük tarixi hadisədir. Bu məscid xalqımızın dini-mənəvi həyatına yeni nəfəs gətirəcək, türkmən və azərbaycanlı qardaşların əbədi dostluğunu təcəssüm etdirəcəkdir. Ulu öndər Heydər Əliyevin qurduğu möhkəm təməllər və prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan bu gün dostlarının dəstəyini qazanmış, Qarabağın bərpasını böyük bir həmrəyliklə həyata keçirməkdədir. Qarabağda yüksələcək məscid gələcək nəsillər üçün həm qardaşlığın, həm də milli qürurun simvolu olacaqdır.
Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin
İngilis dili müəllimi Fidan Ələskərova