Laçının işğala məruz qalması böyük faciə idi

Laçının işğala məruz qalması böyük faciə idi
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Laçın rayonu işğal etmişdir. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış və 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşamağa məcbur qalmışdır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilmişdir. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan edilərək və məhv edilmişdir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirmişdir.
Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərində anneksiyaya yönəlmiş siyasət yürütmüşdür.
Nəhayət ki, 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ordumuzun ermənilərə qarşı əks hücumu zamanı Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, məğlubedilməzlik miflərini cəsarətlə yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan azad edildi. Tariximizə ən şərəfli səhifə kimi düşən bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, artıq “Böyük Qayıdış” uğurla və surətlə həyata keçirilir.
Cənab Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı qeyd etmişdir ki, hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərdən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni, bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi - çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi içəridən sarsıdırdı və bu işğal digər torpaqlarımızı işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur”.

Maştağa qəsəbəsi, 255 №-li tam orta məktəbin
ibtidai sinif müəllimi Könül Məmmədova

Oxşar xəbərlər