
2025-ci ilin ən önəmli mədəni hadisələrindən biri Azərbaycan üçün xüsusi məna daşıyır. Qarabağın incisi sayılan, əsrarəngiz təbiəti və zəngin tarixi ilə seçilən Laçın şəhəri “Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı” elan edilmişdir. Bu, təkcə Azərbaycan üçün deyil, bütün MDB məkanında xalqların mədəni inteqrasiyası və qarşılıqlı əməkdaşlığının simvoluna çevrilmişdir.
Laçın qədim zamanlardan Azərbaycan mədəniyyətinin, xalq yaradıcılığının və ticarət yollarının mühüm mərkəzlərindən biri olmuşdur. Tarixi mənbələrdə Laçın diyarının qədim qalaları, körpüləri və ibadət yerləri barədə məlumatlara rast gəlinir. Şəhər və onun ətraf kəndləri zəngin folkloru, muğam ənənələri, xalq oyunları və xüsusilə də xalçaçılıq sənəti ilə məşhurdur. Laçın xalçaları Azərbaycan xalçaçılıq məktəbinin ən möhtəşəm nümunələri sırasında xüsusi yer tutur. Bundan əlavə, bölgənin təbiəti — dağlar, çaylar, sıldırımlar və çəmənliklər həm ədəbiyyatda, həm də musiqidə Laçını ilham mənbəyinə çevirmişdir. “Laçını sevməyən insan olmaz” deyimi də məhz bu qədim diyarın insanların qəlbində tutduğu yeri göstərir.
MDB ölkələri arasında qəbul olunmuş ənənəyə görə, hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu statusun məqsədi: şəhərin mədəni irsini dünyaya tanıtmaq, beynəlxalq tədbirlər vasitəsilə turizmi inkişaf etdirmək, gəncləri və yaradıcı insanları mədəni layihələrə cəlb etmək, ölkələr arasında dostluq və əməkdaşlığı möhkəmləndirməkdir. Laçının seçilməsi təsadüfi deyil. Azərbaycan dövləti işğaldan azad edilən bölgələrdə geniş quruculuq proqramı həyata keçirir. Laçının mədəniyyət paytaxtı elan edilməsi bu prosesin həm siyasi, həm də mənəvi rəmzinə çevrilmişdir.
Bu tədbirlər təkcə mədəniyyət sahəsini deyil, həm də iqtisadiyyatı və turizm sektorunu canlandıracaq.
Laçın uzun illər işğal altında qaldığından şəhərin infrastrukturu dağıdılmışdı. Son illərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində şəhər yeni həyat qazanır. Yeni yollar, məktəblər, mədəniyyət evləri və parklar salınır. Tarixi abidələrin bərpası isə Laçının öz simasını qoruyaraq müasir şəhərə çevrilməsinə imkan verir.
“Mədəniyyət paytaxtı” statusu bu prosesi sürətləndirəcək, Laçını regionun aparıcı mədəniyyət və turizm mərkəzlərindən birinə çevriləcək.
Laçının bu statusu həm də Azərbaycanın beynəlxalq mədəniyyət diplomatiyasında yeni bir səhifə açır. Şəhərdə keçiriləcək tədbirlər vasitəsilə MDB ölkələri arasında qarşılıqlı anlaşma möhkəmlənəcək, xalqların bir-birinin mədəniyyətinə yaxınlaşması təmin ediləcək. Bu, həm də Azərbaycanın dünyada sülh, əməkdaşlıq və mədəniyyətlərarası dialoq tərəfdarı kimi rolunu gücləndirir.
2025-ci ildə Laçının “MDB-nin mədəniyyət paytaxtı” seçilməsi Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir. Bu hadisə həm işğaldan azad olunmuş torpaqların yenidən dirçəlişinin göstəricisi, həm də mədəniyyətin xalqları birləşdirən gücünün sübutudur. Laçın bu il təkcə Azərbaycanın deyil, bütün MDB məkanının mədəniyyət, birgəyaşayış və dostluq mərkəzinə çevriləcək.
Bakıxanov qəsəbəsi, 107 nömrəli məktəbin
tarix müəllimi İbişli Qurban