
MÜƏLLİF
Sevgi bəzən xoşbəxtlik deyil, ağır lənət olur. Bu romanın qəhrəmanları - Nemət, Nilufər, Yalçın, Gülçin məhz bu lənətin fərqli siması ilə üzləşirlər.
Gülçin sevginin girdabında nəfəsi kəsilən, amma yenə də o sevgi tufanının içinə atılmaqdan qorxmayan qadındır. O gecə Şıxovun musiqili, rəngli işıqlar altında parıldayan hovuzunda o özünü tamamilə sevgiyə təslim edəndə də, bu lənətin ağırlığı onun üzərində idi…
Yalçın sevgi ilə vicdanın arasında var-gəl eləməkdən artıq neylədiyini bilmir. O bilir ki, Gülçinsiz nəfəsi belə yarım olacaq, amma Nilufərlə olan sevgisiz ailə ilə ömrünü davam etdirməyi düşünür.
Sevgini saxta təsəlli ilə yaşatmaq mümkün deyil. Əli hələ də Nilufərin soyumuş əllərində olsa da, ürəyi onu Gülçinə sarı dartır.
Nilufərin isə artıq səbr kasası daşır, heç bir qadın ərini başqa qadınla paylaşmaq istəməz, hətta onu sevməsə də. Burada təkcə qürur yox, eqo da rol oynayır.
Sevgi əslində bir mənzərənin yalnız gözəl tərəfinə baxmaq istəyidir. Amma o mənzərənin görünməyən kölgəsində xəyanət, yorğunluq, alışqanlıq və eqoistlik yatır. Sevginin ömrü qısadır, amma vərdişin ömrü uzun. Bu səbəbdən də insanlar sevgidən deyil, vərdişdən ayrılmaqdan qorxurlar.
Sevgisiz qurulan evlilik isə paslı bir qapı kimidir — açılır, bağlanır, amma hər hərəkətdə cırıldayan səs adamın əsəbinə işləyir.
Sevmədiyin insanın yanında qalmaq, hər gecə yuxuda özgə bir ad sayıqlamaq qədər ağır bir günahdır. Çünki bu iki insanı da diri-diri torpağa gömməkdir.
Bu romanda hər kəs bir az məğlub, bir az günahkar, bir az da eqoistdir. İnsan həm də bu duyğularla gerçək varlıqdır. Çünki məğlubiyyət olmasa, insan zəfərin qiymətini bilməz, günah hissi olmasa vicdanın səsini eşitməz, eqoizm olmasa özünü qorumağı bacarmaz.
Hər duyğu insanın içindəki labirintin bir qapısıdır və o qapıları keçmədən heç kim öz gerçəkliyinə çata bilməz.
Sevgi də, nifrət də, bağışlama da o qapıların birində gizlənib səni gözləyir. Amma hansı qapını açırsansa, o yol səni öz taleyinə aparır. Bəzən qurtuluş kimi görünən yol məğlubiyyətə, məğlubiyyət kimi başlayan yol isə qurtuluşa aparar…
NEMƏT
Səhər saat səkkizdir. İşə getmədən birbaşa Turqayın klinikasına yollandım. Bura bu qədər erkən gəlməyim nadir haldır. Amma bu səhər bambaşqadır. Gözümü açan kimi ağlıma ilk gələn Gülçin oldu. Dünən Yalçınla barışıb müalicəsini yarımçıq qoyub klinikanı tərk edən Gülçin…
Klinikaya daxil olanda, koridorlar tanış, amma bir az soyuq görünürdü. Gecənin rütubəti elə bil divarlara hopmuşdu. Turqayla rastlaşdıq, görüşüb öpüşdük, məni kabinetinə dəvət elədi. Kresloya oturub susdum. Turqay da dinmirdi. Onun baxışındakı o susqun anlayış mənim daxilimdəki tufanla uzlaşırdı. O hər şeyi bilirdi, hər şeyi anlayırdı. Amma dilə gətirməyə çətinlik çəkirdi. Bu susqunluqdan mən təskinlik tapırdım. Çünki bəzən danışmaq deyil, sadəcə baxmaq kifayət edir. Turqay handan-hana dilləndi:
Nemət, sənin Gülçinə bəslədiyin hisslərdən xəbərim var. Müalicəni yarımçıq qoyub sevgilisi ilə klinikadan çıxıb getdiyini dünən axşam öyrənmişəm. Əziz dostum, bilirsən ki, sənin xətrin mənə çox əzizdir. Gülçinin müalicəsi haqqında deyəndə ilk cümləndən hiss eləmişdim ki, o qadına həkimdən daha çox sevən kişi canıyananlığı ilə yanaşırsan. Amma Nemət, qadınları sən də yaxşı tanıyırsan, birini əvvəldən sevə bilmədisə, sevmir sonra. Onun qəlbi başqasına aiddir, vaz keç artıq bu sevdadan. Həkim kimi də, insan kimi də səni çoxdan tanıyıram, bilirəm ki, onun müalicəsini yarımçıq qoyduğuna görə də çox narahatsan, hətta özünü günahlandırırsan qəlbinin dərinliyində . Amma günahlandırma özünü. İnsan özü sağalmaq istəmirsə, onu heç kim sağalda bilməz. İnsanın özünün buna istəyi olmalıdır. Gülçin sevir və özü bu sevdanın onun zərərinə olduğunu, ruhi sağlamlığını təhlükə altına aldığını başa düşməyincə o kişini sevməkdən əl çəkməyəcək. Bu gün Gülçinin klinikadan çıxışını veririk, palatanı boşaldırıq, yəqin gəlib əşyalarını aparar. Sənə bunları deməkdə məqsədim odur ki, özünü üzmə, dostum, nə qədər kədərləndiyinin fərqindəyəm, görürəm. Onun gedişi kişi kimi də qüruruna toxunur, bunu da bilirəm, ancaq bu sevdaya beynində də, qəlbində də son qoymalısan.
Sona qədər sakitcə dostumu dinlədim. Başımı yelləməklə sözlərini təsdiqlədim. Yerdən - göyəcən haqlı idi. Mehribanlıqla sağollaşdım. Turqayın kabinetindən çıxıb Gülçinin qaldığı palataya doğru getdim. Zövqlü otaq elə bil Gülçinin gedişi ilə enerjisini itirmişdi. Palatada bir neçə molbert üzərində kətanı ilə divar dibində düzülmüşdü. Molbertlərin üzərinə örtüklər atılmışdı, Gülçin həmişə deyirdi ki, rəsmləri tam hazır olana qədər onları heç kimin görməsini istəmir. Yaxınlaşıb qeyri-iradi örtüklərdən birini molbertin üzərindən çəkdim, qarşımdakı kətanda Yalçının portreti dayanmışdı. Baxışlarının dərinliyi ilə birbaşa tamaşaçının gözünə zillənən portret elə canlı çəkilmişdi ki, elə bil rəsm yox, elə özü idi... Sarsıldım, başqasını bu qədər sevən bir qadının qəlbini qazanacağımı düşünmək nə qədər də sadəlövhlükdür! Örtüyü qaytarıb tablonun üzərinə örtdüm.
Otaqda onun izlərini daşıyan şəxsi əşyaları nədənsə məni kövrəltdi. Bilirdim ki, əşyalarının, ən azından tablolarının ardınca bura qayıdacaq, amma nə vaxt bilmirəm. İş yerimə getmədən oturub onu gözləmək qərarına gəldim, əmin idim ki, bu gün gələcək. Son dəfə səhhəti ilə bağlı onunla danışacaqdım. Palatadan çıxıb bir az klinikanın yaşıl parkında gəzişdim, bura çox gözəl və dinc bir yer idi. Şəhərin yorucu səs-küyündən uzaq, ruha rahatlıq bəxş edən bağda quşlar oxuyur, güllərin çiçəklərin rayihələri bir-birinə qarışmışdı.
Günorta saatlarıydı. Klinikanın darvazasından Gülçin girəndə ürəyim elə bil sinəmdən çıxıb ayağımın altına düşdü, həyəcandan nəfəsim kəsildi. Mən bağın uzaq küncündən onu gördüm, o isə məni yox. Klinikaya daxil oldu, mən də ardınca. Qapısını yavaşca tıqqıldadıb palatasına girdim. Çevrilib məni gördü, ilk baxışda elə bil utandı, sonra isə mənə möhkəm sarıldı, səmimi tövürlə “Bilirsən, sənə nə qədər minnətdaram, Nemət?! Hər şey üçün çox sağ ol!” dedi. Mən də onu qucaqladım , sonra aralanıb otaqdakı divana çökdüm. Ona da əlimlə yanıma oturmasını işarə etdim. Yanındakı böyük çantaya eskizlərini, rəngləri və karandaşlarını toplayırdı. Əlini saxladı, keçib yanımda oturdu. Susdu, ilk seanslarımızda olduğu kimi əvvəlcə əllərini ovuşdurdu. Sonra isə sakitcə dedi:
Nemət, bəlkə də ürəyində məni qınayırsan. Amma mən Yalçınsız yaşaya bilmirəm. Yəqin ki, gələcəkdə, bilmirəm haçansa bəlkə də evlənib onunla birgə yaşayacağıq. Mən onsuz qala bilmirəm. Onun sevdasından heç sağalmaq da istəmirəm...
Bəs arvadı? Axı o evlidir, Gülçin?
Bilmirəm, indilik heç nə bilmirəm, Nemət, bəlkə də gələcəkdə boşanacaqlar, onsuz da hələ heç iki ay deyil evləniblər, nə qədər birgə yaşayıblar ki? Bir-birilərini də sevmirlər. Hər şey gələcəyin işidir, bircə onu bilirəm ki, o daha məndən , mən də ondan ayrı qalmaq istəmirəm.
Bir şey deməliydim. Onun getməsinə icazə vermək istəmirdim. Qalmalı idi. Burda qalmalı idi. Mənimlə...
– Gülçin... – dedim nəhayət, səsim titrədi, – getmə. Hər şey düzələ bilər. sağalandan sonra görəcəksən ki, sənin ona olan hisslərin gerçək deyildi, bir obsessiv pozuntu imiş. Bizi bəlkə də gələcəkdə birgə yol gözləyir. Mən səni sevirəm.
Nemət, sən mənim ruhumu toplamısan, səhhətim üçün çox zəhmət çəkmisən, haqqını halal elə. Amma mən Yalçının sevgisi olmadan yaşaya bilmərəm. Mən yalnız onun yanında özümü tam hiss edirəm, yalnız onunla birlikdə xoşbəxtəm. Məni hüzur yox, sevgi fırtınası xoşbəxt edir…
Susdum, çünki o həqiqəti söyləyirdi. Turqayın dediyi kimi, o özü sağalmaq istəmirdi. Bu həqiqəti qəbul etməliydim.
Danışa-danışa çantalarını topladı, son dəfə siyirmələri və paltar dolabını yoxladı, heç nə qalmadığından əmin olandan sonra telefonda kiməsə mesaj yazdı.
Beş dəqiqə sonra qapı açıldı, Yalçın içəri girdi. Oturduğum yerdən qalxmadım. Heç o da mən tərəfə baxmadı. Sakitcə Gülçinin çantalarını götürüb otaqdan çıxdı. Gülçin çıxmazdan əvvəl yenidən qənşərimə gəldi. Bilirdim ki, bu artıq son vidalaşmağımızdır. Bilirdim ki, Gülçin ömürlük həyatımdan çıxıb gedir. Bilirdim ki, artıq sondur… Ayağa qalxdım, gözlərim doldu, onu qucaqlayıb pıçıldadım:
Yolun açıq olsun, Gülçin, Allah səni qorusun… Nə vaxt köməyə ehtiyacın olsa, məni axtara bilərsən…
O da məni qucaqladı, yenidən minnətdarlıq edib getdi. Yalçın onu qoruyacaqmı? Bilmirəm. Bildiyim tək şey vardı, mən onu ürəkdən sevirdim.
Palatanın pəncərəsindən ikisinin yan-yana gedişini izlədim. Gözümün yaşı yanaqlarıma süzüldü. Bəzən həyatından bir insan çıxıb gedir, amma o gedişdən sonra sən heç vaxt əvvəlki sən olmursan.
Nədənsə ürəyimə dammışdı ki, bu mənim Gülçinlə əbədilik vidalaşmağımdır…
NİLUFƏR
Gecə düşmüşdü. Evim yenə sükuta bürünmüşdü. Divarlarla danışırdım. Yalçın da gəlib çıxmaq bilmirdi. Pəncərənin kənarında oturmuşdum, pərdənin altından süzülən küçə işığının solğun parlaqlığı otağın ortasında donmuşdu. Pəncərə qarşısında oturub gözlərimi nə qədər küçəyə zillədiyimi bilmədim. Gecə 12-ni keçəndə Yalçına zəng etməyə başladım… Əvvəlcə cavab vermədi, sonra isə açıb qısaca “İşim uzanacaq, sən məni gözləmə, yat” deyib telefonu bağladı. Mən hiss edirdim ki, işlə bağlı məsələ deyil, Gülçinlə bir yerdə olduğunu bilirdim. Qadın qəlbi belə şeyləri yanılmadan anlayır. Evləndiyimiz gündən Yalçının ruhu da, bədəni də, sevgisi də mənimlə deyildi. Bu evdə mən tənha idim.
Sakitcə mətbəxə keçdim. Yenidən təzə çay dəmlədim. Amma heç bir ləzzəti yox idi. Evləndiyimiz iki aya yaxın müddətdə heç onunla oturub üz-üzə səmimi şəkildə çay içdiyimizi xatırlamıram.
Divara söykəndim, başımı qaldırıb tavana baxdım. Gözlərim doldu. Stula çökdüm, ağladım. Nədənsə son günlər yaman kövrək olmuşdum. Qalxıb yataq otağıma keçmək istədim, gözüm qaraldı, başım hərləndi, az qaldı yıxılam. Əlimi atıb divara söykəndim. Bu nə idi belə? Niyə bu hala düşdüm, bəlkə son günlər stress çəkməyimdəndir? Ürəyim birdən elə bulandı ki, özümü güclə tualetə çatdırdım. Özümə gələndə ilk ağlıma gələn fikirdən az qaldı ayağımın altından yer qaçsın, bəlkə… Bəlkə hamilə qalmışam?!. Sevinimmi, kədərlənimmi bilmədim? Əl-üzümə su vurandan sonran yatağıma uzandım, səhər mütləq ertədən gedib binanın aşağısındakı aptekdən hamiləlik testi alım gərək.
Səhər yerimdən qalxanda da başım gicəlləndi. Addım atıb gəzmək istəyəndə elə bil yer ayağımın altından sürüşdü. Mətbəxə getmək istədim, amma mədəm bulanmağa başladı. Qarnımda qəribə bir istilik, ürəyimdə anlaşılmaz bir döyüntü vardı. Divara söykənib bir az nəfəs aldım. Əl- üzümü yuyub, nazik yay idman dəstimi geyinib tələsik addımlarla mənzildən çıxdım, liftin düyməsini səbirsizliklə basdım. Liftdən çıxıb on addımlıq məsafədə olan aptekdən iki hamiləlik testi alıb tələsik evə qayıtdım. Səbirsizliklə ikisini də yoxladım. 2 dəqiqə keçməmiş hər iki testə iki qırmızı xətt düşdü! Yenə gözüm doldu, ağladım. Son günlərdə çox həssaslaşmışdım, sən demə, buna görə imiş…
Bətnimdə yeni bir həyat başlamışdı, gələcək övladım yola çıxmışdı, gəlirdi… Hamilə idim. Amma atası gecə evə gəlməmişdi. Bu əlamətdar hadisənin ilk şahidi tək özüm olmuşdum… Yenidən ağlamağım gəldi…
Yalçına deməliydim. Hər nə qədər bir-birimizdən uzaq olsaq da, bu xəbər yalnız mənə aid deyildi. Bu, bizim ikimizin də taleyimiz idi.
– Alo? Hə, Nilufər?
– Yalçın, evə gəl, səninlə söhbətim var. Xahiş edirəm. Təcilidir.
– Yaxşı, gəlirəm.
Yarım saat sonra evdə idi. Keçib mətbəxdə əyləşdi, məni çağırdı. Hamamdan hər iki testi götürüb yanına getdim.
– Nə olub sənə? – soruşdu.
– Buna bax, – dedim və əlimdəki testləri göstərdim.
O baxdı. Əvvəlcə heç nə anlamadı. Sonra gözləri böyüdü, təəccüblə üzümə baxdı.
– Bu... Bu nədir, hamiləlik testi?
– Hə, mən də bu səhər bilmişəm…
Susub oturdu, elə bil neyləyəcəyini bilmədi. Üzündə sevinc işartıları vardı, amma elə bil o fərəhi göstərmək istəmirdi.
-Deməli, mənim uşağım olacaq?
- Bizim, Yalçın, bizim uşağımız… Bəlkə məni qucaqlayasan.
Qalxıb məni bağrına basdı, amma hiss etdim ki, bunu xətrimə dəyməmək üçün etdi.
– Yalçın, bu uşaq bizim ailəmizi xilas edə bilər, bizim yuvamıza istilik, sevgi gətirər. Mən bu uşağı atasız, tək böyütmək istəmirəm…
O bir addım geri çəkildi. Sonra sakit səslə dedi:
– Əlbəttə ki, övladımı tək qoymayacağam.
Yalçın balkona çıxıb siqaret yandırdı, oradakı kresloda oturub dərin düşüncələrə dalmışdı…
Əlimi qarnıma qoydum, gülümsədim. Sevinclə pıçıldadım: “Mənim balam, səni həmişə qoruyacağam…”
Hiss edirdim ki, bu körpə həyatımızı dəyişdirəcək…
GÜLÇİN
Hər yeni səhər ümidim üfüqdəki günəş kimi doğulur. Mənim üçün indi hər şey sanki ziddiyyətlərin rəqsi idi – bir tərəfdə Nemətin incə və səssiz sevgisi, digər tərəfdə Yalçının qaynar və ehtiraslı qayıdışı... Bir tərəfdə Nilufərlə bağlı narahat hissiyatım…
Bu qədər zidd duyğunu eyni anda daşımaq mümkündürmü? Bəli. Qadın qəlbi hər şeyi eyni anda yaşamağa qadirdir. Nemətin gözləri yadımdan çıxmırdı. Klinikadan ayrıldığım gün o baxışlarda təkcə bir kişinin peşmançılığı yox, həm də bir həkimin susqun qüruru vardı. Mən onu incitmişdim. Məni sağaltmağa çalışan bir insanı öz sevgimin uğrunda əzdiyim üçün içimdə dərin bir utanc vardı. Amma nə edə bilərdim? Mən Yalçını sevirdim. Və bu sevgi hər şeyin fövqündə idi.
Yalçınla birlikdə klinikadan çıxdığımız o gün, bütün dünya gözəlləşmişdi. Çiyin-çiyinə addımladığımız o məqamda mənə elə gəldi ki, evlənib başqa bir ölkəyə çıxıb gedirik… Onun əli əlimdəydi. Yalçın əvvəlki kimi deyildi, hər addımda məni sevdiyini, mənimlə bir ömürboyu yaşamaq istədiyini dilə gətirirdi. Klinikadan çıxıb doğma emalatxanama, yaradıcı yuvama qayıtdım. Yaxın günlərdə böyük bir sərgi planlaşdırırdım. Yeni tablolarım və avtoportretlərim hazır idi, sadəcə son toxunuşları etmək lazım idi. Çox sevincli idim. Özümü dünyanın ən xoşbəxt qadını kimi hiss edirdim. Yaradıcılıq emalatxanamda, sevdiyim kişi də yanımda, mənə bundan artıq nə lazım idi ki? Yalçın məni emalatxanaya gətirəndən sonra bir yerdə oturub çay içdik, sonra kiminsə zəngi gəldi deyə, çıxmalı oldu. Bəlkə də Nilufər idi. Çıxanda dedi ki, axşama qayıdacaq.
— İnanırsan, sənin emalatxanandan heç çıxmaq istəmirəm, Gülçin. İstəyirəm ömrüm burada, səninlə keçsin.
Gülümsədim. Amma o anda gözlərim doldu. Bu sevgi gecikmişdi. Və mən gecikən bütün şeyləri bağışlayırdım…
O gedəndən sonra tablolarıma göz gəzdirdim, bir –iki yarımçıq işim vardı, onu tamamladım. Axşama doğru Yalçının sevdiyi kimi xüsusi turşməzə sousda toyuq qızartdım, manqal salatı hazırladım. Bir azdan gələcəkdi. Süfrəni açmağa başladım. Söz verdiyi kimi bir azdan gəldi. Onu görəndə sevincimdən çiçəyim çırtladı. Amma onun üzündə elə bir ifadə vardı ki, elə bil iraq olsun, hüzrü düşmüşdü… Qorxdum, tez üzündən öpüb nə baş verdiyini soruşdum. Sual dolu nəzərlərlə üzümə baxdı. Bu baxış mənə tanış idi, nəsə münasibətimizlə bağlı idi. Ürəyim çırpındı. Əlimdən yapışdı, öpdü, “yeməyimizi yeyək hər şeyi danışacağam” dedi. Yedik içdik, amma ürəyimdəki hissiyat məni çox narahat edirdi. Elə bil nəsə qeyri-adi hadisə baş vermişdi.
Yeməkdən sonra Yalçının sevdiyi türk qəhvəsi dəmlədim. Yanına xırda lokumlar qoyub üzbəüz əyləşdim. Üzünə baxdım, baxışlarımla sanki “səni dinləyirəm, danış” dedim.
Susmuşdu, haradan başlayacağını bilmirdi. Hiss edirdim ki, bu söhbət çox ağır olacaq…
Handan-hana sözə başladı:
Gülçin, bağışla məni, mən əsas səhvi səni sevdiyimi bilə-bilə ailəmin sözü ilə Nilufərə evlənəndə etmişəm. Amma indi geriyə dönüş yoxdur. Nilufər hamilədir, Gülçin…
Başımdan elə bil qaynar su töküldü. Bədənimdən üşütmə keçdi. Dizlərim boşaldı. Bütün fırçalar yerə düşdü. Boş bir çərçivə kimi hiss etdim özümü. Rənglər yox oldu. Yalnız ağ bir səhnə qaldı – üzərində də sarsılmış bir qadın silueti… Mən susdum, əvvəlcə nə deyəcəyimi bilmədim. Susub dinlədim.
Onun səssizliyi içimdə bir gərginlik yaratdı.
— Mən özüm də bu gün öyrəndim. Bayaq zəng edən Nilufər idi. Bilmirəm heç necə oldu, onunla toy günü və sonra cəmi bir neçə yaxınlığımız olub…Nə deyəcəyimi bilmirəm… Mənə nə desən, haqlısan…
Susdum.
— Demək, ata olacaqsan. Təbrik edirəm…
— Gülçin, mən səni sevirəm. Sənin yanında qalmaq istəyirəm.
— Ata olacaqsan, Yalçın. O uşağın sənin varlığın olduğunu inkar edə bilməzsən. Və mən o uşağın bizim sevgimizə görə atasız böyüməyini istəmirəm...
Göz yaşlarım yanaqlarımdan süzüldü. Səhərki xoşbəxtliyim bir andaca yox olmuşdu, elə bil müqəvvaya dönmüşdüm. Bir gündəcə yenidən həyatım dəyişmişdi, amma yaxşıya doğru yox…
— Bu gecə burada qala bilməzsən, evinə get, Yalçın. Nilufərin yanında ol. O uşaq bir möcüzədir, mənim heç vaxt sənə bəxş edə bilməyəcəyim nurlu bir möcüzə… O möcüzə ilə birgə olmalısan…Daha burada qala bilməzsən.
Gözləmədiyim halda Yalçın qarşımda diz çöküb əllərimdən yapışdı., yalvarmağa başladı:
Mən səni çox sevirəm, Gülçin. Elə çox ki, yanından getmək istəmirəm. Amma tale elə bil bizimlə oyun oynayır. Məni tərk etmə, elə düşünmə ki, övladım olsa, səni arxa plana atacağam. Yox! Sənin də yanında olacağam, həmişə… Qovma məni yanından, çıxarma məni ürəyindən, yalvarıram, sənsiz həyatımın mənası yoxdur…
O gecə son dəfə min ilin həsrətliləri kimi sevişdik. Emalatxana masasının üzərində, divanın üstündə, mətbəxdə, hətta pəncərənin kənarında… Sanki ikimiz də bilirdik ki, bir daha aramızda bu qaynar öpüşlər, bu çılğın toxunuşlar, bu dəlisov təmaslar olmayacaq… Sonra hamamda davam elədik, bura bizim son dayanacağımız idi. Bir azdan sonra duş alıb divanda yanaşı uzanmışdıq, boş-boş tavana baxırdıq. Sakitcə dilləndim:
Bir neçə gün Nilufərin yanında ol, mən səni çağıracağam, sərgim olacaq, mən də ona hazırlaşmalıyam, mən çağıranda gələrsən emalatxanaya…
Divanda dikəlib üzümə baxdı, sanki ürəyimdən nələr keçdiyini oxumaq istəyirdi. Etiraz etdi, “yox, bir neçə gün sənsiz qala bilmərəm” –dedi.
Güldüm, “hətta bir ömür də mənsiz qala bilərsən” – dedim. Ovcu ilə ağzımı qapadı, “bir də belə dəli-dəli danışma…” - dedi.
Onu yola salandan sonra tablomun qarşısına keçdim. O gecə emalatxanam səssiz idi. Amma rənglər danışırdı. Qaynar qırmızılar, buz kimi mavilər, parlaq sarılar… Son tablomun qarşısında oturdum. Fırçamı əlimə aldım.
Yenə ağlayırdım, elə bil bu dünyaya ağlamağa gəlmişəm. Bütün sevinclərim yarımçıq qalır… Amma əllərim sakitcə işləyirdi. Bu göz yaşları da sərgiyə son hazırlığın bir hissəsi idi. Yanağımdan süzülən hər damlada bir sarsıntı, bir sevgi, bir ayrılıq vardı.
Mən bu sərgini yalnız rəssam kimi yox, bir qadın kimi də hazırlayırdım. Hər əsərimdə bir qadının çarpışması, taleyə müqaviməti, bir qadının sevdiyi kişini başqasına bağışlaması vardı…
Səhər açılanadək işimi davam etdirdim. Sadəcə yaşadım - fırçamla, rəngimlə, iztirablarımla...
Sanki ürəyimdə nə vardısa, kətanlara köçürüb missiyamı tamamlamışdım… Özümü divanın üstünə atdım, yuxum gəlirdi. İçimdə izaholunmaz, qorxulu bir boşluq yaranmışdı. Bütün arzularım, ümidlərim, sevgim, fərəhim, sabaha olan işıqlı inamım – hamısı o boşluğa düşüb birdəfəlik yox olmuşdu… Yeni sərgiyə hazır idim, amma sevgisiz və Yalçınsız bir həyata yox…
YALÇIN
Bəzən həyat adamı qəti qərarlar verməyə məcbur edir. O səhər Gülçinin emalatxanasında yuxudan ayılanda, hər şey sakit idi. Yalnız telefonumun titrəyişi o səssizliyi pozurdu. Nilufərin adını ekranda görəndə ürəyim sıxıldı.
Gülçin ertədən qalxmışdı, tablo üzərində işləyirdi. Nilufərin zənginə cavab verdim, bir neçə söz dedim, sonra çıxmalı olduğumu söylədim. O, heç nə demədi. Amma gözləri sanki içimdən keçib ürəyimdəki o gizli qorxunu oxudu.
Evə çatanda isə həyatımın ən sevincli və ən məsuliyyətli anını yaşadım. Nilufər hamilə qaldığını dedi. Bu xəbəri eşidəndə sanki zaman dayandı, nəfəsim tutuldu. Heç ağlıma da gəlməzdi. Gülçinlə birgə yaşayacağıma qərar verdiyim vaxtda belə bir xəbərin gəlməsi şəksiz ki, Allahın ismarıcı idi.
Əllərimi masanın üstünə qoydum. Söz tapmırdım. Bir cümlə belə deyə bilmirdim. Nilufər gözümə baxırdı, bəlkə də qəlbimdəki Gülçini görürdü. Onu qucaqlamağımı istədi. İstər – istəməz sarıldım.
— Başqasını sevdiyini bilirəm, amma bu körpənin gəlişi xəbəri səni bizə qaytararmı, Yalçın?
Səssizcə başımı aşağı saldım. Heç nə demədim. Cavab verə bilmədim. Bu, həyatın sənə bir möcüzə kimi nəyisə verib, eyni anda səndən nəyisə aldığı an idi. Balkona çıxıb siqaret yandırmaqdan başqa edəcəyim bir şey yox idi.
Gülçinə bunu necə izah edəcəyimi bilmirdim. Bu dəfə qəti olaraq məndən ayrılacağından elə qorxurdum ki…
Nədənsə sakit qarşıladı, sonra da dəlicəsinə sevişməyimiz sanki hər şeyin hərarətini soyutdu. Orada qalmaq istəməyimə rəğmən Gülçin o axşam məni zorla evə yolladı. Çiyinlərimdə iki həyatın ağırlığı ilə onun yanından ayrıldım... İçimdə ikiyə bölünmüşdüm, bir yanda artıq Nilufər tək deyildi, övladım da vardı və mən istəsəm də, istəməsəm də tərəzinin o tərəfi ağır gəlirdi…
Ayaqlarım məni evə, Nilufərin yanına aparırdı. Amma qəlbim o emalatxanada, hələ qurumamış fırça izlərinin arasında, Gülçinin baxışlarında qalmışdı.
Şəhər gecə ilə pıçıldaşırdı. İçimdə bir neçə səs bir-biri ilə boğuşurdu. Hər addımımda bir tərəfim deyirdi ki, "geri dön", o biri tərəf pıçıldayırdı: "özünə gəl, sən ata olacaqsan".
Əlimi cibimə atıb telefonu çıxartdım. Nilufər özünü yaxşı hiss etmədiyini mesajla yazmışdı. Zehnimdəki səslər toqquşurdu: “Nilufər sənin arvadındır. Körpə daşıyır. O, bir anadır. Onu tək qoymaq olmaz…”, “Amma onu heç zaman sevmədim. Onunla ailə quranda da sevmirdim. Sadəcə ailəmin doğru bildiyim şeyi etməyə çalışmışdım”, “Doğru? Bu doğrudursa, niyə bu qədər əzab verirsən ona? Niyə hər gecə başqa qadının yanına çəkilir qəlbin?”, “ Çünki mən yalnız Gülçünlə tam oluram. Onun yanında nəfəs alıram. Onun yanında özüməm. Onun yanında... insanam, kişiyəm…”
Dayanıb dərindən nəfəs aldım. Hava sərin idi. Amma içimdə bir yanğın vardı. Gözüm yolun o biri tərəfindəki reklam lövhəsinə sataşdı. Yeni doğulan bir körpənin şəkli, altında isə yazı: “Həyat bir möcüzə ilə başlayır.” Mənim də həyatımın axarı dəyişirdi. Amma bu, möcüzə idi, yoxsa sınaq, onu deyə bilmərəm…
Bir anlıq düşünmək istədim: Əgər Gülçün hamilə olsaydı, nə edərdim? Bu sual məni silkələdi. İndi iki qadın var həyatımda. Biri mənim qanımdan olan körpəni daşıyır, digəri mənim ruhumu yaşadan qadın.
Binamıza çatmışdım, liftə mindim, oradakı böyük güzgüdə özümə baxdım. Qırışlar, yorğun gözlər, sərt çənə... Bu, mən deyiləm… Mən sevəndə sevməyi bacaran, qorxanda gizlənməyən, dürüst olmağa çalışan biri idim. İndi isə iki yolun ortasında qalmışam və heç birindən tam keçə bilmirəm.
Nilufər divanda uzanmışdı, yaxınlaşıb salamlaşdım, saçlarını oxşadım, əlimi göbəyinin üzərinə qoydum. Orada bir həyat vardı. Mənim qanımdan olan, amma günahımdan, sevgimdən uzaq, mənim soyadımla doğulacaq bir körpə… O an gözümün önündən qəribə bir görüntü keçdi… Sanki Gülçünün rəsmləri bir-bir yanıb külə dönürdü. Onun rəsmlərindəki kişi artıq mən deyildim. Rənglər solurdu. Mən bir körpənin atasına çevrilirdim. Və bu, hər şeyi dəyişdirirdi…
Mən bu gecə ikiyə bölündüm. Və bir parçam artıq yoxa çıxmışdı…
MÜƏLLİF
Yalçının qərarı nə qəhrəmanlıqdı, nə də zəiflik. Bu, sadəcə həyat qarşısında diz çökməyən, amma içində susmağa məcbur qalan bir insanın seçimi idi. Hər kəs sevə bilər, amma hər kəs sevgini sonadək daşıya bilməz. Sevgi öz -özlüyündə azaddır, amma həyat heç vaxt tək başına yaşanacaq qədər sadə deyil.
Nilufərin bətnində böyüyən həyat Yalçının azadlığını əlindən aldı. Bu, sevginin məğlubiyyəti deyil. Bu, bir sevginin daha böyük, daha təbii başqa bir sevgiyə təslim olmağının nişanəsidir, məsuliyyətin, insan olmağın, ata olmağın təntənəsidir.
Bəzən bir qadının gözlərində axtardığın gələcək, başqa bir qadının bətnində böyüyür. Və sən nə qədər öz eşqinə sadiq olsan da, o gələcək səni çağıranda, dönüb arxaya baxmadan çıxıb getməlisən.
Əslində kişi iki qadının arasında qalmır. O, biri arzularla, biri vəzifələrlə dolu iki həyat anlayışı arasında qalır.
Sevgi sənin kim olduğunu deyir. Məsuliyyət isə kim olmağa məcbur olduğunu xatırladır.
İki qadın arasında qalan bir kişi, əslində iki seçim arasında yox, bir qəlbin parçaları arasında bölünür.
Qadın kişinin sevgisini istəyir. Uşaq isə onun həyatını. Və həyatın səsi çox zaman sevginin pıçıltısını batırır…
Bu romanın ən çılğını, ən səmimisi, ən mərhəmətlisi və ən vicdanlısı da Gülçindir. Və əslində Gülçini digərlərinin gözündə vazkeçilməz edən də bunlardır. Çünki bu duyğular qədər insana yaraşan heç nə yoxdur…
Amma başqaları üçün vazkeçilməz qadınlar əslində özündən imtina edənlərdir. Gülçin kimi…
Yalçınla keçirdiyi son gecədə Gülçin əslində sevdiyi kişinin, başqa bir qadının və özünün heç vaxt həyatda sahib ola bilməyəcəyi bir körpənin xətrinə özündən imtina etdi. Həqiqi sevgi bəzən sevdiyinin xoşbəxtliyi xətrinə özündən, arzularından və sabaha olan ümidindən birdəfəlik imtina etməkdir…
GÜLÇİN
Bu axşam dəniz sahilindəki məşhur qalereya adamla dolub-daşırdı. Bu gün bura mənim son əsərlərimin sərgiləndiyi sənət məkanından çox, ruhların səssiz danışdığı, rənglərin insan qəlbinə nüfuz etdiyi mistik, cazibəli bir yerə dönmüşdü. Vaxtaşırı yandırılıb söndürülən yumşaq sarı işıqlar tabloları canlı kimi göstərirdi. Divarlarda asılan əsərlərim sadəcə rəsmlər deyildi – onların hər birinin arxasında keçilmiş bir ömür, çəkilmiş ağrı-acılar, üzdə donub qalmış gülüşlər və rəng çalarlarının dərinliyində yatan fəryadlar vardı.
Əsərlərimi, tablolarımı seyr edən qonaqların gözlərində təəccüb, sənət sevgisi ilə bərabər heyrət də görünürdü. Bu axşam bu sərgidə ruhumun labirintindəki gizli xəzinələr, məhrəm sirrlərimin rənglərdəki inikası nümayiş etdirilirdi.
Geyimim sadə idi. Ağ ipəkdən tikilmiş uzun, qoluaçıq zərif don geyinmişdim. Dalğalı saçlarım sərbəst şəkildə çiyinlərimdə ləpələnirdi, yüngül makiyaj çəkmişdim, bu axşam təbii və canlı olmaq istəmişdim. Mən bu axşam təkcə bir rəssam deyildim, elə öz əsərlərimin içindən çıxıb gəlmiş bir obraz idim.
Əhvalımın necə olduğunu isə tam təsvir edə bilmirəm. Olumla ölümün arasındakı incə sərhəddə dayanmış biri kimi hiss edirdim.
Ətrafımda çoxlu insanlar vardı, amma içimdə dərin bir tənhalığın yaratdığı boşluqla üz-üzə idim. Divarlara asılmış tablolar sanki mənim yerimə nəfəs alır, yaşayırdı, mən isə bu gün yavaş-yavaş yoxa çıxırdım. Tablolarımdakı rənglərə bütün ruhumu hopdurmuşdum, amma indi onların qarşısında durarkən özümə yad biri kimi baxırdım. Son dayanacaq kimi hiss edirdim bu sərgini, sanki bundan sonra hansısa sirli bir qüvvəmi, bəyaz bir mələkmi məni güclü qandlarına alıb uzaqlara, lap uzaqlara aparacaqdı.
Rəsmlərimə baxın düşündüm, sənət çox möhtəşəm bir şeydir, səndən sonra dünyada qalan tək mənəvi varidatdır, qiymətli mirasdır. Hər hansı yaradıcı bir insandan sonra onun yaratdığı sənət əsərləri onun bu dünyadakı varlığını təsdiqləyən, bir zaman bu yer üzündən keçib getdiyini sübut edən yeganə dəlillər olaraq qalır.
Bu tabloların hər biri, bu rəsmlər mənim övladlarım kimidir. Mənim övladım illər öncə dünyaya gələr-gəlməz mələk kimi əllərimdən u.ub getmişdi. Və bundan sonra heç vaxt uşağım olmayacaqdı. Ona görə də bu tabloların üzərinə çəkdiyim ən incə cizgi də övlad təbəssümü kimi mənə əziz və dəyərlidir. Bu əsərlər mənim balalarımdır. Və mənə niyəsə elə gəldi ki, bir gün bu dünyadan yoxa çıxanda bu balalar məndən ötrü darıxacaqlar. Gözüm doldu, yuxarı tavana baxdım, özümü sıxdım ki, yaş yanağımdan süzülməsin. Tədbirin konseptinə uyğun olaraq açıq mikrofona yaxınlaşıb sərgiyə gələnləri salamladım:
Hər birinizə bu axşam burada olduğunuz üçün sonsuz təşəkkürümü bildirirəm, varlığınız bu sərgiyə gözəllik qatır. Burada sərgilənən əsərlər mənim iç dünyamın səssiz dilidir; fırça ilə söyləyə bildiklərim, sözlə ifadə edə bilmədiklərimdən doğulub. Hər rəng, hər çalar, hər tablo, hər əsər yaşadığım duyğulardan, sevgidən, həsrətdən doğulub. Bu sərgi yalnız mənim deyil, həm də hər tablonun qarşısında dayanıb o rəsmlərdə öz hekayəsindən bir parçanı görən hər birinizindir. Əgər hansısa tablomda özünüzdən, həyatınızdan bir parça tapa bilirsinizsə, deməli, çox yaxşı bir dialoq qura bilmişik…
Hamı məni alqışladı, ondan sonra sərgiyə gələnlərə qarışdım.
Gülümsəyərək mənə yaxınlaşan hansısa müxbirin sərgi ilə bağlı suallarını cavablandırdım. Jurnalist aralanıb gedəndən sonra təəccüblü də olsa gözüm Böyükkişiyə sataşdı. Onu sərgiyə dəvət etməmişdim, amma burada idi. Əlləri cibində bir rəsmimin qarşısında dayanıb baxırdı, baxışlarında həmişəki kimi hansısa duyğu sezilmirdi, sadəcə bir boşluq vardı. Məni gördü və ehtiyatla yaxınlaşdı.
— Gülçin... Sərgin möhtəşəmdir, təbrik edirəm.
Sonra bir az susdu. Baxışlarını qaçırdı. Ardınca əlavə etdi:
— Ümid edirəm indi sevdiyin adamla xoşbəxtsən.
Gülümsəmədim. Amma qəlbimdə dərin bir sakitlik vardı. Ona baxaraq sakit səslə dedim:
— Bəzən xoşbəxtlik bir insanla deyil, onun yoxluğu ilə başlayır. Sən heç vaxt məni anlamadın, Böyükkişi. Mən də anlaman üçün dayanmadan çalışdım. Amma zamanla başa düşdüm ki, bəzən ən böyük anlayış elə uzaq durmaqdır. Mən səni bağışladım. Özümü də. Bu sərgi yalnız mənim hekayəmdir. Yəqin ki, sən xoşbəxtsən…
O, başını təsdiq mənasında yellədi və əlavə etdi:
Evlənmişəm, İlkanə ilə övlad gözləyirik. Bura səni təbrik etməyə gəldim və düşünürəm ki, mənə kin bəsləmirsən, nifrət eləmirsən. Buraya gələrək səninlə son dəfə görüşüb halallıq almaq istədim…
Qətiyyən, sənə niyə kin bəsləməliyəm? - dedim. Arvadına da, sənə də, doğulacaq körpənizə də xoşbəxtlik arzulayıram.
Bundan sonra Böyükkişi minnətdarlıq edib bir kölgə kimi sərgidən yox oldu…
Sərgidəki insanlar, sənətsevərlər iki-bir, üç-bir dayanıb rəsmləri müzakirə edir, arabir yaxınlaşıb məni təbrik edirdilər.
Qapıya yaxın tərəfdə mənə tanış və doğma bir simanı gördüm – Nemət də gəlmişdi. Onun baxışları hər zamankı kimi sakit idi, amma içində təlatüm olduğunu bilirdim. Yanıma gəldi, səmimiyyətlə görüşdük. Məni ürəkdən təbrik etdi.
Nemət, yaxşı ki, gəlmisən, düşünürdüm bəlkə məndən incimisən, gəlməzsən.
O, başını yüngülcə yellədi:
Səndən heç vaxt inciməmişəm, Gülçin. Son dəfə səninlə klinikada görüşüb ayrılanda da dedim ki, əgər bir gün bu həyatın yolları səni yorsa, bil ki, mənim yanıma gələ bilərsən, ürəyimin qapısı həmişə sənə açıqdır. Sadəcə bir baxışın, bir kəlmən kifayətdir ki, ömürlük sənin yanında olum… Sərgin isə möhtəşəmdir, sən artıq rəssam kimi zirvədəsən!
Ona təbəssümlə cavab verdim:
Çox sağ ol, əzizim. Sənə gələn yolları bilirəm, o qapını da mənə daim açıq saxladığın üçün təşəkkür edirəm, amma artıq uzun bir yola çıxacağam və o yolda tək addımlamağı düşünürəm. O yolu tək çıxıb getməliyəm… Sən mənim yaddaşımda xilaskar bir mələk kimi qalacaqsan, çünki ən çətin vaxtlarımda yanımda olmusan, mənə dəstək vermisən. Sərgimə gəldiyin üçün də sağ ol, Nemət… Sən mənə Allahın bəxş etdiyi nemət dostlardansan…
Nemət dostyana məni qucaqladı, yanağımdan öpdü. Vidalaşıb bir azdan başqa bir yerə gedəcəyini söylədi, qalereyadan çıxıb getdi…
Gözüm qeyri-ixtiyari sərgi salonunun qapısına zilləndi.
Yalçın içəri daxil oldu. Qapıdan girən kimi də gözləri bircə anda o qədər insanın içində məni axtarıb tapdı. Baxışlarındakı ifadəni sözlərlə izah etmək mümkün deyildi. Gözlərində sevgi də vardı, itki də, həsrət də, ehtiras da, peşmanlıq da…
Mən yanımdakı dostlardan aralandım, çünki bilirdim ki, yanıma gələcək. Elə də oldu, iti addımlarla mənə yaxınlaşdı.
- Gülçin...
Səsi titrəyirdi.
- Sərgin olduğunu mətbuatdan öyrənmişəm, bəs mənə niyə xəbər verməmisən? Neçə vaxtdır səndən zəng gözləyirəm, demişdin ki, özüm zəng edəcəyəm, mənə yığma, mən də ona görə ürəyim partlayırdı, sənə zəng edirdim, telefonun qapalı idi. Bir neçə dəfə emalatxanana da gəlmişəm, qapın bağlı idi. Yaxşı ki, sərgi ilə bağlı elan qarşıma çıxdı, yoxsa səni haradan tapacaqdım? Niyə belə edirsən, Gülçin, axı sən mənə son görüşümüzdə emalatxanada dedin ki, bir neçə gün sərginə hazırlaşıb sonra məni çağıracaqsan yanına? İnanırsan, hər dəqiqə səndən zəng gözləmişəm mən!
Baxışlarımı onun gözlərinə zillədim. Onun gözlərinin dərinliklərində dolmuş yaşları, boğazında düyünlənmiş sözləri gördüm. Sonra sakitcə, nəzakətlə, amma tamamilə aramıza keçilməz sərhəd çəkən bir təbəssümlə dedim:
— Nilufər necədir? Hamiləliyi neçə keçir? Sənin sevgin indi arvadına və övladına lazımdır. İndi səni gözləyən, çağıran bir qadının var, mənim zəngimi nahaq gözləyirsən, Yalçın… Bilirsən, gec də olsa, anladım ki, sən mənim həyatımın bütün fəsilləri idi, amma mən sənin hekayəndə sadəcə bir mövsüm idim. İndi sənin üçün qarşıdan başqa fəsil gəlir…
Yalçının gözü doldu, nəsə demək istədi, udqundu, susdu. Nə deyəcəyini bilmədi. Sadəcə baxdı, ardınca gözlərini məndən qaçırdı. Dözməyib asta səslə dedi:
Axı özün də bilirsən ki, səni necə sevirəm, Gülçin, ailəmin yanında olduğum kimi sənin yanında da olacağımı demişəm həmişə…
Yalçın, qarşımızda uzun bir yol var və biz orada qoşa addımlaya bilməyəcəyik… Ömür kitabımızdakı qoşa fəslimiz bitdi… Bizim çılğın, unudulmaz sevgimizdən qalan yeganə yadigarlar bu sərgidəki ikimizin və sənin də olduğun bəzi tablolardır… Mən çox istərdim ki, bizim birgə övladımız olardı, amma bu qətiyyən mümkün deyildi. Səni və sevgimizi təsvir etdiyim rəsmləri ömrünə bəxş etdiyim övladlar kimi düşün, Yalçın… Onlara baxanda həmişə məni xatırlayarsan…
Yalçın nəsə demək istədi, yanımıza yaxınlaşan qonaqlara görə sözünü saxlamalı oldu…
Sakitcə oradan uzaqlaşdım. Axşamın finalında salonun işıqları bir-bir sönməyə başladı. Əvvəldən belə planlaşdırılmışdı. Sərginin sonuna bir sürpriz tablo saxlanmışdı. Təkcə bir işıq qaldı, gur projektor salonun mərkəzindəki üstüörtülü son tabloya yönəlmişdi. Bütün qonaqların diqqəti projektorun işıqlandırdığı üstü ağ parça ilə örtülmüş rəsmə yönəldi. Örtük yavaşca sürüşüb düşdü və hamı heyrətlə içini çəkərək “Eşqin rəngləri” adlı tablomu seyr etməyə başladı…
…Tabloda gənc bir rəssam qadın əlində üzərindəki rəngləri bir-birinə qarışmış palitrası ilə üzü dənizə doğru gedirdi. Rəssam qadının əynində ağ don vardı, palitrasının üstündə axıb qarışmış rənglər donuna, üst-başına bulaşmışdı. Eynilə həyatında yaşadığı dəlicəsinə eşqin rəngləri kimi… Gözəl əndamlı bu gənc qadının təsvirində, qüruba enən günəşin tünd narıncı işığı və kölgələrin kontrastını rəsmdə elə incəliklə və gözəl işləmişdim ki… Üzü dənizə tərəf gedən bu qadın artıq insanlardan imtina edib dənizə qayıtmağa qərar verən su pərisinə bənzəyirdi… Bir vaxt qayalıqların üstündə Yalçınla baş-başa xoşbəxt anlar keçirəndə ona danışdığım su pərisinə…
Bütün salon bu gözəlliyi heyranlıqla izləyirdi və mən bu mənzərə qarşısında son dərəcə xoşbəxt idim… Baxışlar o tablodan qopa bilmirdi. Elə bil hər kəs orada özündən nəsə tapmışdı. Hətta qaranlıq olsa da, Yalçının necə heyranlıqla rəsmə baxdığını da görə bildim… Və mən bilirdim: bu, mənim vida tablom idi…
Hamının başının rəsmə qarışdığı o vaxtda mən sərgidən çıxmaq üçün heç kimə görünmədən arxadakı qapıya tərəf yönəldim. Qaranlıqda yəqin ki, heç kim çıxmağımın fərqinə də varmadı…
Addımlarım yüngül idi, sakit küçələrlə gedirdim, ayaqqabımın taqqıltısını eşidirdim… Nə qədər və necə getdiyimi bilmədim, bir də onda ayıldım ki, ayaqqabımın dabanı quma batır…
Dənizin vahiməli uğultusu, küləyin titrək nəfəsi eşidilirdi. Yavaşca ayaqqabılarımı da çıxarıb kənara atdım, sevgilim dəniz eşqlə qollarını açıb məni çağırırdı… İçimdəki alovu yalnız dənizin təmənnasız, pak və sərin suları söndürə bilərdi. Beynimdə bir türk şərqisi aramsız şəkildə oxunurdu:
Unutma ki dünya fani,
Veren Allah alır canı…
Ben nasıl unuturum seni
Can bedenden çıkmayınca…
Ətrafda heç kim yox idi, ayın işığı dənizin bəyaz ləpələri üzərində almaz kimi bərq vururdu. Yalnız biz idik – dəniz, ətrafın qaranlığı və beynimdə səslənən həzin, kövrək şərqilər…
MÜƏLLİF
Dostumun danışdıqları ilə başlayıb, həyatın içindən süzülən bu romanın sonunda artıq Nemət özü yox idi. Finalda yalnız Gülçin qalmışdı və bu, təsadüfi deyil.
Roman boyu bir neçə insanın həyatına toxunduq, onların sevincləri, kədərləri, arzuları ilə birgə yol getdik, amma bu əsərin əsas ürəyi Gülçin idi.
Onun hekayəsi sevgidən yaranmışdı, sanki Allah onu məhz sevgi ilə yoğurmuş, eşqin bütün rəngləri ilə rəsmini çəkmişdi. Mən də Gülçini məhz o sevgi ilə yazdım, onun içindəki eşqi, alovu, əzmi və ehtirası sözlərə köçürdüm.
Bu romanda hər bir obrazın öz yeri, öz çəkisi vardı. Onlar yalnız xarakter deyildilər, hər biri bir həyatın, bir duyğunun, bir yolun daşıyıcısı idilər. Onların hər birinin mənəvi yükü oxucunun qəlbinə toxunmaq üçün var idi.
Bu, təkcə bir sevgi dastanı deyil, insan ruhunun incəliklərinə etdiyimiz birgə səyahət idi. Sevgini, kədəri, ehtirası, ümidi, inamı və xəyalları bir araya gətirən bu nağıldakı qəhrəmanların heç birinin həyat yükü Gülçininki qədər ağır deyildi. Sevən və tək qalan insanın dərdi dözülməz, yükü çəkilməz olur…
Gülçin bu romanın nəfəsidir. O, təkcə mərd qadın deyil, həm də mübariz bir ruhdur. Sevgiyə, azadlığa, sənətə, özünə inanan və taleylə çarpışan cəsur bir ruh!
O, sadəcə sevib - sevilmək istədi, amma onu tam anlaya bilmədilər. Gülçin həyatın ona verdiyi rolu qəbul etmədi, o, həyatının səhnəsini özü qurdu, ömrünün ssenarisini özü yazdı.
Gülçin nə qəhrəmandır, nə də qurban – öz taleyini seçdiyini düşünən bir qadındır. Amma əslində biz taleyi seçmirik, tale özü bizə lazım olanları seçir…
Gülçin həyatda ən çətin olanı etdi: hamını bağışladı, amma heç kimin yanında qalmadı, qala bilmədi… O, öz mərd və ləyaqətli qəlbi ilə bir uşağın atasız böyüməsinə razı olmadı. Halbuki istəsəydi, həyatında başqa seçim edərək, yalnız öz xoşbəxtliyini düşünərək də yaşaya bilərdi. Amma onun vicdanı buna razı olmadı.
Onun bu seçimi – sevginin ən təmiz, ən səmimi forması idi: bir körpənin taleyinə görə Gülçin bütün öz arzularından, hətta ən dərin istəklərindən belə məhrum oldu, onları arxa plana keçirdi. O, sevgi yolunda öz şəxsi xoşbəxtliyindən vaz keçdi, öz dünyasının rənglərini tədricən solğunlaşdırdı. Arzularından imtina etdikcə, həyatın Gülçin üçün cəlbedici, parlaq rəngləri tədricən yoxa çıxdı, ruhunda dərin bir boşluq yarandı. Hər keçən gün onun üçün bir az da xatirələrdə yaşanan qaranlıq bir labirintə çevrildi, sanki həyatın özü də onun üçün əbədi bir səssizlik və kədərdən ibarət bir tabloya çevrildi…
Getmək həmişə ağırdır və ağrılıdır… Hər addımda ürəyinin bir parçası arxada qalır, gözlərin dərin kədərdən dolur. Bəzən susmaq bağırmaqdan daha dərin, daha mənalı olur; çünki susqunluğun içində gizlənən kədər və duyğular, ən şiddətli səs-küydən daha təsirlidir. Və bəzən ən böyük sevgi – kimsəyə aid olmadan, heç kimin ağuşuna sığınmadan, yalnızlığın içində yaşamaqdır. Bu sevgi, həm sərt, həm də safdır; insanın ruhunu azad edən, amma eyni zamanda ən dərindən sarsıdan bir məhəbbətdir...
Getmək, susmaq, sevmək – bütün bunlar insanın həyatı boyu öz içindəki əbədi mübarizənin hissələridir. Həyatın bu acı həqiqətləri arasında öz yolunu tapa bilmək, qəti qərar verməyi bacarmaq bəzən ən böyük qəhrəmanlığa çevrilir.
Mərkəzində Gülçinin günəş kimi yer aldığı bu həyat hekayəsi - sükutun, seçimlərin, sevginin, azadlığın və bağlılığın iç-içə dolaşdığı mürəkkəb bir lağımdır. Burada bütün insanlığa aid yaşantılar var.
Həyatın ədaləti bəlkə də budur ki, heç kim tamamilə doğru, heç kim də bütövlükdə səhv deyil. İnsanlar bir rəngdən deyil, saysız-hesabsız rəngdən ibarət bir palitradır. Hər kəsin içində ziddiyyətlər yaşayır — bir tərəfdə saf niyyətlər, digər tərəfdə gizli qorxular, bir anlıq işıq, bir anlıq qaranlıq...
Doğru ilə səhvin sərhədi çox vaxt bulanıq, sanki sisin içində itmiş bir yola bənzəyir. İnsan özü də bilmədən səhv edər, amma sevgi ilə, ümidlə dolu qəlbi onu hər dəfə yenidən dirildir. Bu dünyada heç kim tamamilə təmiz deyil, heç kim tam günahsız deyil. Ancaq elə bu qarışıqlıqda, insanın ruhunda, qəlbində gizlənən o kövrək zənginlikdə həyatın əsl mənası saxlanır.
Hər kəs öz səhvini, öz ağrısını daşıyaraq, amma yenə də öz qəlbində, ya da başqasının könlündə bir az işıq, bir az sevgi, bir az mərhəmət taparaq yaşamağa davam edir. Bəlkə də bu, insanın əsl azadlığıdır — səhvləri ilə barışmaq, qüsurları ilə yaşamaq və yenə də içindəki ümid alovunu söndürməmək.
Amma bəzən bir insan həyatın ortasında dayanıb kimin hansı yoldan gəlib, hansı yolla çıxıb getdiyini anlamır. İçimizdəki bütöv ümidə baxmayaraq bəzən sadəcə bir istək olur - getmək, sadəcə birdəfəlik çıxıb getmək…
Gülçin də çıxıb getdi. Onun qalmaq və yeni bir cığır açmaq seçimi də vardı, amma o sevgisiz yaşamaqdansa, sevgi qırıntısına qane olmaqdansa, hamının həyatından çıxıb getməyə üstünlük verdi…
O, zərif idi, amma heç vaxt zəif deyildi. Bəzən insanlar niyə getdiklərini belə anlamırlar. Amma Gülçin niyə getdiyni bilirdi. Onun içində bir ağrı yekəlirdi, eynən ana bətnində böyüyən bir körpə kimi… O böyüyən ağrının bir gün doğulmaq çağı gələcəkdi və Gülçini də özü ilə götürüb aparacaqdı… Çünki o ağrıya da ana lazım idi və Gülçindən yaxşı heç kim o şıltaq və böyük ağrıya analıq edə bilməzdi…
Gülçinin son tablosu cəsarətli bir ruhun dünyaya üsyanı idi. Qonaqlar bu tablonun qarşısında susdular. Çünki hər kəs o anda öz həyatındakı hansısa gedişi, ayrılığı, imtinanı və əbədi vidanı xatırlayırdı.
Bu taleyi və bu sonluğu mən yazmamışdım, mən sadəcə onun taleyinə şahid oldum, onu müşahidə edərək həyatının rənglərini sözlə qələmə aldım. Onun fırçası danışdı, mən isə bütün bunları sözə çevirdim. Sonda su pərisi kimi dənizin eşqinə sığınan qadın müəllifin deyil, əslində həyatın gerçək əsəri idi!..
Gülçin başa düşdü ki, kiminsə ömründə sadəcə ötəri bir fəsil olmaq, kiminsə ssenarisində epizodik rol olmaq yetərli deyil. O, yalnız bir mövsümün adı olmaq istəmirdi, ömür yoldaşı olmaq istəyirdi. Amma bunun mümkün olmadığını gördüyü anda getməyi seçdi. Və mən də indi bu romandan tək və sonuncu müşahidəçi olaraq ayrılıram.
Eynilə bu romanda olduğu kimi həyatda da gec-tez axıra heç kim qalmır… Qalan yalnız eşqin rəngləri ilə çəkilən tablolar, sevginin qələmi ilə yazılan romanlardır… İnsan gedər, amma onun duyğularından doğulan əsərlər qalır. Sevgi fiziki varlığın yoxluğuna uduzmur. O, formasını dəyişər, fəqət dərin bir mənaya çevrilər. Bu mənalar da zamanın əlindən qurtulub yaddaşlarda, tablolarda, romanlarda yaşayar…
Və nə vaxtsa kimsə bir rəsmin qarşısında dayanıb kimisə səssizcə xatırlayırsa, bir romanın sətrində kiminsə nəfəsi, yaşanmış mənalı bir ömrün izi duyulursa — deməli, gedənlər tam itib yox olmur.
Onlar başqa mahiyyətdə - yaddaşda, musiqidə, tabloda, romanda elə bu əsərin müəllifi sayaq, elə Gülçin təki yaşamağa davam edirlər…
SON
Aprel – avqust, 2025-ci il, Bakı