Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il “Azərbaycan dili ili” elan edildi

Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il “Azərbaycan dili ili” elan edildi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tarix qarşısında yalnız müdrik siyasətçi kimi deyil, eyni zamanda dilinə, millətinə və mədəniyyətinə dərindən bağlı olan böyük vətənpərvər kimi tanınır. Onun dövlət dili sahəsində göstərdiyi ardıcıl və prinsipial mövqe Azərbaycan dilinin qorunmasında və inkişafında dönüş nöqtəsi olmuşdur. Xüsusilə də Sovet dövründə Azərbaycan dilinə qarşı olan təzyiqlərə baxmayaraq, Heydər Əliyev öz mövqeyindən geri çəkilməmiş, bu sahədə cəsarətli və məqsədyönlü addımlar atmışdır.
Ulu Öndər Heydər Əliyevin 1970–1980-ci illərdə Sovet İttifaqı kimi sərt ideoloji bir mühitdə Azərbaycan dilinin hüquqlarını müdafiə etməsi böyük siyasi iradə və milli məsuliyyət nümunəsi idi. Həmin dövrdə Azərbaycan dilinin rəsmi statusda istifadəsi məhdudlaşdırılır, rus dilinin hegemonluğu təşviq olunurdu. Lakin Heydər Əliyev ana dilimizi dövlət idarəçiliyində, təhsildə və ictimai həyatın müxtəlif sahələrində qoruyub saxlamaq üçün məqsədyönlü siyasət həyata keçirirdi. Onun təşəbbüsü ilə dövlət sənədlərinin, tədris materiallarının Azərbaycan dilində hazırlanması təmin olunmuş, dilimizin nüfuzu getdikcə artmışdır.
1980-ci illərdə SSRİ rəhbərliyində yüksək vəzifədə çalışmasına baxmayaraq, Heydər Əliyev Azərbaycan dilinin rəsmi səviyyədə tanınması üçün fəaliyyətini davam etdirmişdir. O, milli dəyərlərimizə sadiqliyini açıq şəkildə ifadə edir, milli-mədəni irsimizin, o cümlədən ana dilimizin qorunmasının vacibliyini dönə-dönə vurğulayırdı. Bu cəsarətli mövqe o dövrdə bir çox siyasi fiqurların çəkinərək toxunmadığı sahələrə müdaxilə etməyi tələb edirdi.
Müstəqillik illərində isə Heydər Əliyev Azərbaycan dilinin hüquqi statusunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə bu sahədə mühüm hüquqi baza yaratdı. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il “Azərbaycan dili ili” elan edildi və bu münasibətlə keçirilən tədbirlər dilimizin cəmiyyətin bütün sahələrində tətbiqinə böyük təkan verdi.
Bütün bu faktlar göstərir ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı mövqeyi təsadüfi və formal deyil, dərin milli ideologiyaya əsaslanan, strateji yanaşma ilə formalaşmış bir mövqe idi. Onun ana dilimizə olan sevgisi və bu sahədə atdığı addımlar gələcək nəsillər üçün də mühüm örnəkdir.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi,
Ibtidai sinif müəllimi Çimnaz Muradova

Oxşar xəbərlər