
Müstəqil Azərbaycan zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata malik olmaqla yanaşı dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkəmizin enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir. Azərbaycanın bu gün həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də, öz növbəsində Azərbaycanda elektrik enerjisi təsərrüfatının fəaliyyətinin gücləndirilməsinin bariz göstəricisidir.
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulub. Məhz, Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilib. Hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilib.
Ötən günlərə nəzər salan ölkə Prezidentimiz cənab İlham Əliyev bildirib ki, təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Yəni, Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır.
“8 Noyabr” Elektrik Stansiyasının əhəmiyyətindən danışan Qalib Liderimiz cənab İlham Əliyev bildirib ki, bu layihənin qısa müddət ərzində icra edilməsi, – energetiklər bunu yaxşı bilirlər – rekord nəticə sayıla bilər. Çünki, təxminən, 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir – bəlkə də üç il, dörd il, beş il, bəlkə daha da çox. Misal üçün, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni, 7 ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı.
Namiq Muradov - YAP Sabunçu rayon təşkilatının fəal üzvü