
Kür çayının qoynunda yüksələn Mingəçevir Elektrik Stansiyası təkcə Azərbaycanın enerjisinin deyil, həm də onun gücünün rəmzidir.
Hazırda elektrik enerjimizin 40 faizdən çoxunu təmin edən Mingəçevirdə ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1974-cü ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının əsası qoyulmuşdur. Məhz bu stansiya hesabına insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Sonrakı dövrlərdə ölkəmizin müxtəlif yerlərində yeni stansiyalar fəaliyyətə başlamış, eyni zamanda əvvəlki stansiyalar üzərində də yenidənqurma işləri aparılmışdır.
24 iyun 2025-ci il tarixində Azərbaycanın enerji tarixində yeni mərhələ başladı. Cənab Prezident İlham Əliyevin başçılığı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı həyata keçirildi.
Prezident İlham Əliyev çıxışı zamanı yeni elektrik stansiyasının açılışını ölkənin energetika sahəsində mühüm hadisə kimi dəyərləndirmiş və bu stansiyanın yüksək gücə-1880 meqavata malik olmaqla Azərbaycanın enerji potensialını əhəmiyyətli dərəcədə artıracağını vurğulamışdır. Qısa müddətdə inşa edilən bu iri layihənin ölkənin texniki imkanlarını, iqtisadi gücünü və energetika mütəxəssislərinin peşəkarlığını nümayiş etdirdiyini bildirmişdir.
Cənab Prezident İlham Əliyev stansiyanın tikintisində Azərbaycanın həm strateji, həm də iqtisadi tərəfdaşları olan İtaliyə və Çinin xüsusi rolunu qeyd etmişdir. Azərbaycan energetikləri ilə birlikdə çalışaraq, bu işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırmağın mümkün olduğunu bildirmişdir.
“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji sisteminin səmərəliliyini artırmaqla yanaşı, təbii qaza qənaət etməyə imkan yaradacağı, şərti yanacaq sərfiyyatının azalması nəticəsində ixrac potensialının genişlənəcəyi və ölkəyə əlavə qazanc gətiriləcəyi vurğulanmışdır.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə enerji sahəsində deyil, həm də simvolik mənada böyük əhəmiyyət daşıyır. O bildirib ki, stansiyanın adı təsadüfi seçilməyib – bu ad Azərbaycanın şanlı Zəfər tarixini əks etdirir. 8 Noyabr xalqımızın gücünü, birliyini və qələbəsini simvolizə edir.
Dövlət başçısı həmçinin vurğulayıb ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Mingəçeviri hədəfə alaraq enerji infrastrukturuna zərər vurmağa çalışmışdı. Bu, mülki əhalini və kritik obyektləri məqsədli şəkildə atəşə tutmaqla beynəlxalq hüquqa zidd hərbi cinayətlər idi.
Bugünkü sabitlik, təhlükəsizlik və inkişaf Azərbaycan xalqının iradəsi və düşünülmüş dövlət siyasəti nəticəsində mümkün olub. “8 Noyabr” Elektrik Stansiyası həm ölkənin enerji təhlükəsizliyini gücləndirir, həm də qalib xalqın əzmini əks etdirən mühüm infrastruktur layihəsidir.
69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi
Sevinc Aslanlı