Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur
1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verən hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycandan gələn elektrik xətlərinin Ermənistan tərəfindən kəsilməsi və həmin ilin noyabrında qaz nəqlinin dayandırılması regionu ağır duruma saldı. Dəmiryol nəqliyyatında qatarların hərəkətinin dayanması (odun, daş kömür, neft məhsullarının qıtlığı) əsas gücü energetika təsərrüfatının üzərinə saldı. O illər Naxçıvanda enerji daşıyıcılarına olan tələbat çox az səviyyədə ödənilir, elektrik enerjisi fasilələrlə yaşayış üçün zəruri olan mühüm obyektlərə verilirdi. Araz çayı üzərində İranla birgə tikilən su elektrik stansiyası da tələbatın yalnız 5-6 faizini ödəyirdi. Ulu öndər Heydər Əliyev muxtar respublikada yaşanan bu çətinliklər barədə demişdi: “Gecə saat ikiyə, üçə qədər iş otağımda az işıq verən neft lampası ilə oturub işləyirdim, bunu hamı bilirdi. Evlərə elektrik, istilik vermək üçün heç bir imkan yox idi. İnsanlar həqiqətən donurdular...” Həmin dövr ümummilli liderin Naxçıvanın xilası uğrunda fəaliyyətinin əsas istiqaməti muxtar respublikanın energetika və yanacaq problemlərinin həllinə yönəldi. 1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyev həmin ilin dekabr ayında Türkiyənin “Aralıq” yarımstansiyasından “Sədərək” yarımstansiyasına 31,5 kilovoltluq elektrik xəttinin çəkilməsinə nail oldu və bölgəyə 3-4 meqavat gücündə enerji ötürülməyə başlandı. Həmin ərəfədə ulu öndərin başçılığı ilə Naxçıvan nümayəndə heyətinin Türkiyəyə səfəri əhəmiyyətli hadisə oldu. 1992-ci ilin mart ayında gerçəkləşən səfər zamanı Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və Naxçıvanın düşdüyü ağır vəziyyət müzakirə olundu. Görüşün nəticəsi olaraq, muxtar respublikanın qonşu dövlətlərlə bütün sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə birgə protokol imzalandı.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizin bütün bölgələrində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da elektroenergetika sisteminin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib, mövcud hidroenerji potensialından səmərəli istifadə olunub və yeni elektrik stansiyaları tikilərək istismara verilmişdir. Hazırda muxtar respublikada 6 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyini təmin etmişdir. Belə ki, ölkə başçısının iştirakı ilə ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiya tipli 22 meqavat gücü olan Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat “Arpaçay-1” və 1,4 meqavat “Arpaçay-2” Su Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi, 2019-cu ildə isə Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur.
Cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Cənab Prezident İlham Əliyev bu məsələlərə toxunmaqla yanaşı həm də Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın təmin olunması ilə bağlı gələcək perspektivlərə də toxunmuşdur. Əminliklə qeyd etmək olar ki, Naxçıvan Muxtar Respublikasında energetika infrastrukturu müasir tələblər səviyyəsində qurulmaqdadır və vaxtilə idxal hesabına enerji tələbatını ödəyən Naxçıvanda bu gün enerji təhlükəsizliyi tam təmin olunub.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər