
15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini yeni müstəviyə qaldırdı. Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən ediblər. Şuşa bəyannaməsi böyük tarixi əhəmiyyətə malik sənəddir. Şuşa Bəyannaməsindəki digər vacib məqamlardan biri də birgə nəqliyyat layihələrinin icrasıdır. Ən önəmlisi isə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin bəyannamədə öz əksini tapması da mühüm amillərdən biridir. Çünki bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq.
Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Azərbaycan-Türkiyə əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, iqtisadi sahədə yeni əməkdaşlıqlarla bağlı münbit şəraitin formalaşmasına səbəb olacaq.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi