
Qürurverici, əlamətdar hadisə və böyük fəxrdir ki, İkinci Qarabağ savaşında qazanılan Zəfər Türkiyə ictimaiyyətində Azərbaycana sevgini zirvələrə yüksəldib. İstər dövri mətbuatda, istərsə də elmi araşdırmalarda Qarabağda qazanılan Qələbə Çanaqqala Zəfəri, Sakarya zabitlər döyüşü, Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin birgə mübarizəsi nəticəsində Bakının qurtuluşu, Osmanlı Şərq Ordusunun Naxçıvanda həyata keçirdiyi milli qurtuluş hərəkatı kimi tarixi hadisələrlə müqayisə olunur. Əlbəttə ki, bütün bu qürurverici tarixi anlar xatırlanarkən hazırda Türkiyənin gücünə güc qatan qüdrətli Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası məmnuniyyətlə xatırlanır, Ulu Öndərin parlaq şəxsiyyətinin qardaş ölkədə də həmişəyaşarlığının şahidi oluruq.
Prezident İlham Əliyev Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq yardımı və dəstəyindən bəhs edərək deyib: “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”.
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin başlıca diplomatik yekunudur. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə olduqca geniş və demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığını və qətiyyətini həm özətləyir, həm də yeniləyir.
Otuz il dağıdılıb məhv edilən ərazilərdə Qarabağ Zəfərindən sonra Azərbaycanın başladığı quruculuq və bərpa işləri dövlətimizin apardığı siyasətin əyani təzahürüdür. Əlamətdar haldır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına daim öz məsələsi kimi yanaşan qardaş Türkiyə işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasında da ölkəmizlə çiyin-çiyinədir.
Eyni zamanda, qeyd etməliyik ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, ticarət, elm və təhsil kimi vacib sahələrdə də dinamik inkişaf mövcuddur. Xüsusilə nəqliyyat və kommunikasiyada sahələrində nəhəng layihələr böyük bir coğrafiyada həyatı sürətlə dəyişir. Xarici sərmayənin ölkəyə cəlb edilməsi, yerli istehsalı artırmaq, ixracatı yüksəltmək sahələrindəki tədbirlər böyük nəticələr verməkdədir. Yeni texnologiyalara milli istehsalın gücü ilə nail olmaq hər iki ölkə üçün prioritet istiqamətlərdir.
2024-cü ilin fevralın 19-da cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisidir. R.T.Ərdoğan fevralın 7-də keçirilən prezident seçkilərinin əhəmiyyətindən danışaraq deyib: “Prezident seçkiləri Azərbaycanın bütün suveren ərazisində ilk dəfə keçirildiyi üçün tarixi əhəmiyyət kəsb edir”.
170 N-li tam orta məktəbin tarix
müəllimi Mədinə Zeynalova