"Qatarı getdikcə cavan ömrümün Qəm çəkən ürəyə yazığım gəlir. " - Bəhram Bilaloğlunun ŞEİRLƏRİ

Eşqin qapısısan, cənnətin özü,

Yolunda eşq saçan kədər yol alır.

Bir böyük məktəbsən, Allah yaradan,

Sağında, solunda qədər yol alır.



Bəşər tarixində olmadı səndən,

Yayılsın aləmə, qəlb doysun qəmdən.

Sənin övladını gördüyüm gündən

Ruhumdan cənnətə vətər yol alır.



Doymadım bu ətrin heç qoxusundan,

Keçdim ömür boyu gül yuxusundan.

Allahın verdiyi sirr yaxasından -

Bəhramın qəlbinə çəpər yol alır.



***

Qatarı getdikcə cavan ömrümün

Qəm çəkən ürəyə yazığım gəlir.

Qarşısı alınmaz duyğularıma

Yük çəkən kürəyə yazığım gəlir.



Neçə ürəklərin yükünü çəkən,

Saçımı ağardan, dişimi tökən,

İlahi verdiyi dünyamı sökən -

Zalım bu fələyə yazığım gəlir.



Bixəbər olmadım səba yelindən,

Qoymazdım yad adam tuta əlindən.

Gecə küləyindən, fələk telindən

Asılan dirəyə yazığım gəlir.



Hisslərim vəsfimə verdi təkamül,

Boy atdım, böyüdüm, oldum da kamil.

Gəldi ziyarətə, eşq oldu mail -

Çatmayan gərəyə yazığım gəlir.



***

Səmadan ələnən yağışlar, bəlkə,

Ruhların göz yaşı, ah-naləsidir.

Bütün duyğular da, elə qəmlər də,

Bağlıdır ruhlara, ruh naləsidir.



Daşqınlar törədər, sellər gətirər

Niyyəti, mizanı düz olmayanlar.

Azğın adamların duası olmaz,

Üzülər insanlar, həzz almayanlar.



Saralan yarpağı yer qucaqlayar,

Məzlumu nahaqlar qucayan kimi.

Sıxılar ürəklər, dözməz ki hala,

Məsum körpələri ac qoyan kimi.



Nələr görmədim ki, İlahi, nələr...

Ulduzun sayını ötür, bu zəqqum.

Cəhənnəm əzabı yaşatma, nolar,

Daha hər gün artıq, bitir o zəqqum.



***

Ölçüyə gəlməz ki, ata sevgisi,

Sonu bilinməyən dərya kimidir.

Məkkədən üstündür, zirvədir atam,

Allaha uzanan bir eşq simidir.



Məhəbbət, sevgini pay verib mənə,

Almışam atamdan İlahi eşqi.

Elə müqəddəsdir, elə pakdı ki,

Sınmayan qayadı, vallah, bu eşqi.



Həyat yollarından məsəllər çəkib,

Halal əməlləri öyrədib ancaq.

Çirkaba batmayan ötən zamanım

Varlığım boyunca əyilməz, torpaq.



Yaşam səbəbim də, sənə bağlıdır,

Səninlə dirçəlir, ucalıram mən.

Halını narahat hiss edən kimi,

Küsürəm həyatdan, qocalıram mən.



***

Elə qırırsan ki, ümidlərimi,

Baxıram, şüşə də belə qırılmır.

Necə izah edim, bilmirəm, hələ,

Zalım adamlar da belə vurulmur.



Həvəs ver, ümid ver, yaşayım bir az,

Axı, haqq etmişəm yaşamağı mən.

Nə qədər sıxıntın olsa fəraqi,

Qatma qəmlərimi, daşımağı sən.



Səninlə baharlar ötürdük, getdi,

Cavanlıq arzusu tək qoydu məni.

Dəryalar üstündən körpülər atan

Zamanın ülgücü verdi, hey qəmi.



Doğradı sənintək bəsirətimi,

Görməyən gözümdən dünya istədi.

Uzaqdan gördüyün günəşə bənzər,

Fənər balığıdı, həya bəstədi.



***

Xatirə dəftərinə

Yazsam, məzlum adımı.

Çəkərəm aləmə səs,

Qılaram fəryadımı.



Kim ki, bəyan eləsə,

Pozar öz peymanını.

Gözü səhrada gəzər,

Yıxar söz meydanını.



Gəl, vəfa sərhədinə,

Qur, sevgi vəhdətini.

Kül ələ gözlərinə,

Anlasın dəhşətini.



Yerin də vergülü var,

Buludun rəngi kimi.

Nöqtəsin göydə qoyur,

Ayrılıq zəngi kimi.



***

Saxlayan qamətini,

Əmrə məhkumdu xəbər.

Sualı dildən alan,

Əqlə hakimdi xəbər.



Mübtəda çöllərinə

Ta ki, əzəldən gəlmiş.

Kim ki, xoş baxmış ona,

Ta ki, ürəkdən gülmüş.



Xəbəri hicran alır,

Ruha fərman eləyir.

Tərkibi məlhəm olan

Yarama dərman eləyir.



Vergülə bənzəməyən,

Hal biyabanə gəlir.

Min bir əhvalı ilə,

Zatı, xiyabənə gəlir.

Oxşar xəbərlər