“Virus da, müharibə də bu qədər təsirli olmadı" – Trampın qərarı tarix yazdı

“Virus da, müharibə də bu qədər təsirli olmadı “Donald Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla cəmi 10 dəqiqə ərzində ABŞ birjalarına 4 trilyon dollar qazandırdı. Amma müharibə yolu ilə 4 trilyon qazanmaq üçün illərlə döyüşmək lazımdır”.

Bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, siyasətdə 4 trilyon qazanmaq üçün 10 illərlə siyasi mübarizə aparmaq lazım gəlir:

“Ölümcül virus xəbərinin dünyanı silkələməsi üçün aylar lazım gəlir. Amma bir iqtisadi manevr 10 dəqiqə içində planeti oyuncaq kimi oynadır.

Tramp öz rəqiblərini hədələyərək, əlini şalvarının kəmərinə yaxınlaşdıranda birjalar çökür. Əlini geri çəkəndə isə bazarlar nəfəs alır, iqtisadiyyat rahatlayır. Davranış iqtisadiyyatı dediyimiz anlayışın canlı laborator nümunəsi məhz budur.

Bu hadisə bir daha sübut etdi ki, iqtisadiyyat – bütün sahələrin başında gəlir. Ən ölümcül virus da, ən sərt müharibə qərarı da qlobal iqtisadi sistemdə belə ani effekt yarada bilmir.

Beləliklə, müasir iqtisadiyyatda bu günə qədər qəbul edilmiş və iqtisadi elm mərkəzlərində, universitetlərdə tədris edilməkdə olan iqtisadi nəzəriyyələrin əksər prinsipləri artıq işləmir. Artıq dünyanın yeni Adam Smitlərə, Devid Rikardolara, Con Millərə, Con Keynslərə və yeni iqtisadi nəzəriyyələrə ehtiyacı var”.

Oxşar xəbərlər