
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olub. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində bunu təsdiqləyən bütün məqamlar açıqlanıb.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 20-dən çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası da uğurlu nəticələrini verir. 2008-ci ildə start verilən kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi; müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması; Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması və Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi; sağ qalmış ailələrə dəstək göstərilməsi və bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.
Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində bir daha yenilməz, məğrur xalq olduğunu təsdiqlədi. 44 günün hər günü tariximizə zəfər səhifəsi kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun dünya hərb tarixinə yazdığı yeni səhifə bu gün də geniş müzakirə edilir, Qələbəmizi şərtləndirən amillər sırasında Vətən, torpaq sevgisi xüsusi vurğulanır. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə xarici mətbuata çoxsaylı müsahibələrinin hər birində Qarabağ məsələsinin bizim üçün milli qürur məsələsi olduğunu bəyan etdi.
Tarixi Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. Qürurla qeyd edirik ki, şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qisasını aldıq. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bu gün işğaldan azad edilən bütün torpaqlarımızda, o cümlədən Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Xocalı quruculuq mərhələsini yaşayır. 2024-cü il tariximizə Xocalı sakinlərinin doğma yurd-yuvalarına qayıdışı ili kimi yazıldı.