
Bu sözləri "Həftə" proqramında AzTV-nin rəhbəri və verilişin aparıcı Rövşən Məmmədov bildirib.
O çıxışına belə davam edib: "Odur ki, bunun günahı Azərbaycan dövlətinin məsuliyyətinə yazılmamalıdır. Hərçənd bu hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi, üzr istənildi və hadisə ilə bağlı cinayət işi başlandı. Yəni rəsmi Bakı yaxın tarixə aid hər bir insidentin qarşılıqlı anlaşma, obyektiv baxış çərçivəsində araşdırılmasının tərəfdarıdır. Ona görə yox ki, Azərbaycan coğrafi baxımından kiçik ölkədir. Gəlin qarışdırmayaq. Bəli, biz bir çox dövlətdən, o cümlədən Rusiyadan coğrafi baxımdan çox kiçiyik, lakin əsas ərazi vahidi deyil. Əsas addımlardır, verilən qərarladır, böyüklük, real böyüklük məhz bu zaman ortaya çıxır. Azərbaycan da qeyd olunan hadisələrdə ləyaqətlə davranmaqla öz böyüklüyünü ortaya qoydu. Odur ki, bir daha deyirik, sıra şimal qonşumuzdadır. Böyüklüyünüzü göstərin, daha tarixdən hadisələr gətirib məsuliyyətdən boyun qaçırmaq lazım deyil. Bu cür cılız yanaşma heç kimə başucalığı gətirməyib".