Azərbaycan güclü idman dövlətidir

Azərbaycan güclü idman dövlətidir
Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkil edən ünsürlərdəndir.
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.
Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan dünyada həm də, idman ölkəsi kimi tanınır. Bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə nüfuzlu dünya və Avropa yarışları təşkil olunub. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Həm dünya, həm də, Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşında böyük sevinc və fərəh hissi yaradır. Bu nailiyyətlərin əldə olunması birmənalı olaraq ölkəmizin Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər və idman siyasəti sayəsində mümkün olub.
Bu gün idmançılarımızı yüksək nailiyyətlərə ruhlandıran ən vacib amillərdən biri də, onların artıq, qalib ölkənin təmsilçiləri olmalarıdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurduqdan sonra idmançılarımız da, artıq, bütün beynəlxalq yarışlarda məhz, qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses davam etdirilir. Bu günə qədər Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azad edilmiş ərazilərdə də ildə bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir.
Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
Riyaziyyat müəllimi Mənsurə Adgözəlova

Oxşar xəbərlər