Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu

Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir. X–XV yüzilliklərdə oğuz dili şərqi (türkmən dili) və qərbi (Azərbaycan və Anadolu şivələri) olaraq iki qola ayrılır. XVII–XX əsrlərdə isə qərbi oğuz qolu Azərbaycan dilinə və Türkiyə türkcəsinə ayrılmağa başlayır. Azərbaycan əlifbasının əvvəlləri 13-cü əsrə qədər qayıdır. Bu əlifba əvvəlcə 53 hərfdən ibarət idi. Sonralar, yeni əlifba mərhələlərlə inkişaf edərək, 32 hərfdən ibarət bir sistəmə çevrildi. Əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, yazı və oxuda törətdiyi maneələr XIX əsrin II yarısından etibarən dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib.Milli dramaturgiyanıın banisi, görkəmli ictimai xadim Mirzə Fətəli Axundzadə ərəb əlifbasında əsaslı islahat aparmağı elmi-pedaqoji cəhətdən əsaslandıran və onu təcrübi olaraq həyata keçirməyə cəhd edən ilk mütəfəkkirdir. M.F.Axundzadə geniş xalq kütlələrinin savadlanması işində ömrünün son 20 ilini əlifbanı dəyişdirmək uğrunda mübarizəyə həsr edib. O, hesab edirdi ki, ərəb əlifbası ərəb olmayan xalqlar, o cümlədən türkdilli xalqlar üçün əlverişli deyil.M.F.Axundzadə bu layihəni mütəxəssislərin rəy verməsi üçün Peterburq, Paris, London, Berlin və başqa şəhərlərə göndərir. O, ərəb əlifbasının latın qrafikalı yeni əlifba ilə əvəz olunmasının vacibliyinə türk alimlərini inandırmaq məqsədilə 1863-cü ildə İstanbula gedərək yeni əlifba layihəsini şəxsən özü təqdim edir.Heç bir müsbət cavab ala bilməyən M.F.Axundovun Rusiyanın, Şərqin və Qərbin bir çox dövlət və ictimai xadimlərinə məktub və təkliflərlə bu barədə müraciət etməsi də nəticə vermir. Yeni əlifba layihəsinin qəbul olunmaması M.F.Axundzadəni ruhdan salmır, o hesab edirdi ki, gələcək nəsil onun layihəsini layiqincə qiymətləndirəcək.Böyük mütəfəkkir haqlı çıxdı.
XX əsrin əvvəllərində Latın əlifbasına keçid məsələsi Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildi. Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov və başqaları ərəb əlifbasının dəyişdirilməsini müdafiə etdilər. 1919-cu ildə yeni əlifba hazırlamaq üçün Azərbaycan Xalq Cümhuriyyəti Təhsil Nazirliyinin nəzdində bir komissiya yaradıldı. Abdulla bəy Əfəndizadənin təqdim etdiyi layihələrdən biri təsdiqlənərək çap olundu. Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi bu layihənin həyata keçirilməsinə mane oldu. Azərbaycan Sovet Sosialist Respublikası elan olunduqdan sonra Azərbaycan yazılarının latınlaşdırılması məsələsi yenidən aktuallaşdı. Uzun müzakirələrdən sonra 1922-ci ildə yeni əlifba təsdiqləndi və 1925-ci ildə ərəb əlifbası ilə paralel olaraq rəsmi istifadəyə verildi. 1926-cı ildən etibarən yeni əlifbanın təkmilləşdirilməsi ilə bağlı müzakirələr başladı. 1926-cı ilin mayında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu latın qrafikasına keçidi Şərqdəki inqilabın mərkəzi məsələsi elan edir. Nəticədə, 1933-cü ildə bəzi hərflərin stilini, bəzilərinin isə fonetik qarşılığını dəyişdirən yeni bir əlifba qəbul olundu. 1954-cü ildə İmam Mustafayev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçildi. Azərbaycanda demokratik dəyişikliklər başlandı, milli məsələyə diqqət artırıldı, xalqın vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atıldı. Bu dövrdə Azərbaycan SSR Konstitusiyasına dövlət dilinin Azərbaycan dili olması haqqında yeni maddə əlavə edildi. Respublikanın dövlət idarələrində sənədləşmə işləri Azərbaycan dilində aparılmağa başlandı. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan aşağıdakı işləri həyata keçirib.Birincisi, Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib.İkincisi, Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib.Üçüncüsü, Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib.Dördüncüsü, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib.Beşincisi, həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub və s.Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Və Onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi.1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Həmin müzakirələr sübut etdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz “türk dili” adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki, iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi - Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir; Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar “Azərbaycan dili”nin “türk dili” adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək “xırda millətçilik” hisslərini qızışdırırlar; “Azərbaycan dili” adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.2001-ci ildə Ümummilli liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı.30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib.Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunurYeri gəlmişkən, Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.Ulu öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”, - ifadəsi də böyük öndərimizə məxsusdur.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov

Oxşar xəbərlər