Azərbaycan işğaldan azad etdiyi torpaqlarda abadlıq-quruculuq işlərini davam etdirir

Azərbaycan işğaldan azad etdiyi torpaqlarda abadlıq-quruculuq işlərini davam etdirir
Azərbaycan işğaldan azad etdiyi torpaqlarda abadlıq-quruculuq işlərini davam etdirir. Bölgədə iri miqyaslı iqtisadi layihələr işə düşür. Mayın 19-da belə layihələrdən birinin - Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak və çıxış edib.
Prezident bildirib ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür.
“İstər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik” – Prezident deyib.
Dövlət başçısı bildirib ki, həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir.
Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikintisindən danışarkən İlham Əliyev qeyd edib ki, bu körpü Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır.
Azərbaycanın azad edilmiş torpaqlarında həyata keçirilən genişmiqyaslı nəqliyyat layihələri haqda söz açan ölkə başçısı bildirib ki, avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib.
Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır.
Prezident deyib ki, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər: “Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir”.
Ölkə başçısı qeyd edib ki, İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir. Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir.
“Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində regionumuzdan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Bölgədə yaşayan xalqlar burada tarixən yaşayıb. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək” –cənab İlham Əliyev deyib.
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafından danışarkən Azərbaycan rəhbəri qeyd edib ki, son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Bundan sonra da bu görüşlər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır: “İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova

Oxşar xəbərlər