
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, türkiyəli nazir oxşar açıqlamanı bu il ərzində bir neçə dəfə səsləndirib:
"Türkiyənin nəqliyyat və infrastruktur nazirinin Zəngəzur dəhlizinin işə başlayacağı ilə bağlı əminliyi nə ilə bağlıdır? Axı Ermənistan Azərbaycanın maneəsiz dəhliz yanaşmasını qəbul etmir və bu, danışıqlarda irəliləyişin əldə edilməsinə əngəldir. Zəngəzur dəhlizi ilə bağlı razılıq olmasa da, Abdülkadir Uraloğlunun dəhlizlə bağlı ümidverici açıqlamaları ümumi işin xeyrinədir. Ankara ilə İrəvan arasında dialoq davam edir və mümkündür ki, Ermənistan rəsmiləri Zəngəzur dəhlizinin açılmasıyla bağlı üzərlərinə müəyyən öhdəliklər götürüblər. İrəvanı tələsdirməyə məcbur edən başqa gedişat da var. Ermənistan Zəngəzur dəhlizini yubadacağı halda İrandan keçən Araz dəhlizi işə düşəcək. Bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq və Orta dəhlizin tərkib hissəsi ola bilməyəcək. Qeyd edim ki, Azərbaycan və İran prezidentləri “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi ilə əlaqədar Araz çayı kənarında görüşdülər. Prezidentlərin Araz kənarı ilə dəmiryolu xəttinin tikintisi mövzusunu da müzakirə etdikləri ehtimalı yüksəkdir".