Dinc əhaliyə qarşı törədilmiş cinayətlər

Dinc əhaliyə qarşı törədilmiş cinayətlər Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Faciənin günahsız qurbanları içərisində qadınlar və uşaqlar xüsusi ilə seçilir. Erməni vandaliziminin bariz nümunəsi olaraq xüsusi amansızlıqla öldürülən azyaşlıları və silahsız qadınları göstərmək olar. Onların ağlasığmaz işgəncələrlə öldürülməsi faciənin ağırlığını bir daha sübut edir. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasa idi bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur. Onların məzarları dağüstü parkdadır, onlara ehtiram simvolu olaraq abidə ucaldılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı.
Məlumatlarda deyilir ki, 1918-ci il 30 mart tarixində axşam saat 05:00-da Bakıda ilk atəş səsləri eşidildi. Əvvəlcədən planlaşdırılmış şəkildə təkcə erməni əsgərləri deyil, Bakıdakı ermənipərəstlər də bu savaşa qoşuldular. Yaxşı silahlanmış və hərbi hazırlıqlı erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları öldürür, 3 – 4 günlük körpələri xəncərlə qətlə yetirir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının cəsədi tapılmışdı.1918-ci ilin mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Qoşunu ilə Şamaxıya gələn S.Lalayan ilk olaraq yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühasirəyə almağı, sonra isə yandırmağı əmr etdi. Tarixi sənədlərdə göstərilir: «Uşaq və qadınların böyük bir hissəsi məsciddə gizləndi. Tanınmış Axund Molla Səfərqulu öldürüldü. Hər kəs axunda bir şey edilməyəcəyini düşünürdülər. Amma ermənilər məscidə girərək, axundu tapdılar. Onun gözlərini çıxarıb, dilini, burnunu və qulaqlarını kəsdilər məsciddəki bütün qadınlar öldürüldü».
Heç təsadüfi deyil ki, 2007-ci il aprelin əvvəllərində Quba ərazisində kütləvi məzarlıqlar aşkar edilmişdir. Bütün bunlar bir daha azərbaycanlılara qarşı soyqırımı təsdiqləyir.
Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Cənab Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur.
Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
direktoru Yasin Quliyev

Oxşar xəbərlər