Azərbaycan dövləti bütün bu reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət göstərir, ardıcıl və məqsədyönlü tədbirlər görülür

Azərbaycan dövləti bütün bu reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət göstərir, ardıcıl və məqsədyönlü tədbirlər görülür
1918-ci il martın 30-dan aprelin 3-nə qədər Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətdi. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində təkcə Bakıda 12 minə yaxın azərbaycanlı qətlə yetirildi, on minlərlə insan itkin düşdü.Tarixi araşdırmalar göstərir ki, qırğınlara səbəb Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesidir. 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər Müsavat Partiyasına ciddi şəkildə uduzur. Siyasi hakimiyyət uğrunda milli mübarizə bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək, xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, Müsavat Partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara “dərs vermək” istəyirdi.Bakıda törədilən 1918-ci ilin mart soyqırımında “Daşnaksütyun” bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Martın 31-də səhər bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və digər Azərbaycan məhəllələrinə hücum etdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində göstərilir ki, bolşevik-daşnak dəstələri 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə hücum edib. Bu kəndlərdə 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunur. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermir. Bəllidir ki, ermənilər ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyaların altına imza atıb, tarixi Azərbaycan torpaqlarına qarşı təcavüzkar iddialarını daha da gücləndiriblər. Onlar bu məqsədlə misli görünməmiş metod və vasitələrə baş vurublar. Mənfur qonşularımızın “Hai Tahd ideologiyası”na uyğun olaraq “Böyük Ermənistan” yaratmaq ideyaları, eyni zamanda, böyük güclərin maraqları ilə üst-üstə düşüb. 31 mart soyqırımının coğrafiyası Bakı ilə məhdudlaşmayıb.Ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi soyqırımı aktları sırasında 31 mart soyqırımını xüsusi vurğulamaq lazımdır. Tarixdən bəlli olduğu kimi, 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açıb. 31 mart tarixində bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Erməni vandalları bu hücum nəticəsində dəhşətli qətllər törədiblər. Bununla yanaşı, azərbaycanlılara məxsus məktəblər, kitabxanalar, mədəniyyət ocaqlarının hamısı yandırılıb. Həmçinin Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” yandırılıb, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları, eyni zamanda, “Təzə pir” məscidinin minarələri dağıdılıb. Məlumat üçün qeyd edək ki, 31 mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilib.
31 mart soyqırımının coğrafiyası yalnız Bakı ilə məhdudlaşmır. Belə ki, ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktını davam etdiriblər və minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib. Mart hadisələrinin əsas təşkilatçısı olan S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda bildirmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyil. Biz bilərəkdən buna yol verdik”.
Göründüyü kimi, ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti sistemli xarakter daşıyıb və bu, erməni vandalizminin növbəti nümunəsi olmaqla yanaşı, bəşər tarixinin ən qanlı səhifələrindən birini təşkil edir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin birinci dəfə prezident seçilməsindən sonra 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib. Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. 1998-ci ildə imzalanmış Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.
Göründüyü kimi, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın başına gətirilmiş bütün faciələr kimi, 31 mart soyqırımına da ilk dəfə siyasi və hüquqi qiymət verilməsinə nail olub. Hazırda Azərbaycan həqiqətlərinin, o cümlədən 31 mart soyqırımı haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Məhz bunun qanunauyğun nəticəsidir ki, bu soyqırımına dair həqiqətlərin dünyaya çatdırılması vasitəsilə ermənilərin formalaşdırdıqları stereotiplər dağıdılır, xalqımıza qarşı törədilmiş qətllər bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilir.Yeri gəlmişkən, Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə tədbirlər planına müvafiq işlər görülür. Ümumiyyətlə, görülən işlərin qanunauyğun nəticəsidir ki, Xocalı soyqırımının ardından artıq bir çox ölkələrdə 31 mart hadisələri ilə bağlı müvafiq qətnamələr qəbul olunur. Azərbaycan dövləti bütün bu reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət göstərir, ardıcıl və məqsədyönlü tədbirlər görülür. Yeri gəlmişkən, Quba Soyqırımı Memorial Kompleksinin açılışı da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.Bütövlükdə, 1918-ci il 31 mart soyqırımına dair həqiqətlər dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılır. Məhz Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov

Oxşar xəbərlər