Milli-mənəvi dəyərlərimizdən biri də Novruz bayramıdır

Milli-mənəvi dəyərlərimizdən biri də Novruz bayramıdır Bizi - azərbaycanlıları digər xalqlardan fəqləndirən ən gözəl cəhət keçmişimizə, milli adət-ənənələrimizə, dəyərlərimizə həmişə ürəkdən sadiq olmağımızdır. Dəyərlərimiz ana laylası ilə ruhumuza hopdurulur, nənələrin söylədiyi bayatılarda, babaların danışdığı nağıllarda yaşadılır. Mübarizi gecə ikən təkbaşına düşmən postuna aparan, Polad Həşimovu tabeliyində olan əsgərlərdən öndə gedib vuruşduran, Xudayara Vətən nəğməsi oxudan, şəhid atalarına “Vətən sağ olsun!” dedizdirən, anaları ayaqda tutan o dəyərlərdir. Tarixə meydan oxuduq, çünki biz nağıllarımızdan güc aldıq. Axı bizim nağıllarımızın finalında həmişə xoşbəxt sonluq olur, qəhrəman 40 gün, 40 gecə toy edir.
Milli-mənəvi dəyərlərimizdən biri də Novruz bayramıdır. Adı kimi özü də bizə yeni gün, yeni ruh bəxş edən bu bayram yalnız təbiəti deyil, bizi də oyadır, yenilənməyimizə vəsilə olur. Xalqımız bu bayrama nağıllarımızdakı kimi 40 gün, 40 gecə hazırlaşır. İnsanlar günlər öncədən evlərini təmizləyir, bağ-bağçanı səliqəyə salır, şirniyyatlar bişirirlər. Tariximizin qaranlıq dönəmlərində isə Novruzu gizli keçirməyə məcbur buraxılmışıq. Bütün sıxma-boğmalara, basqılara rəğmən milli bayramımıza sadiq qalmışıq, ənənələrimizi unutmamışıq. 44 günlük Vətən müharibəsindən öncə isə keçirilən Novruzlarda bir kədər var idi. Dilimizdə tək dua “O gün olsun, Novruzu Qarabağda, Şuşada keçirək!” idi. İçdən etdiyimiz dua 2020-ci ildə qəbul oldu. Artıq 3 ildir ki, bayram tonqalımız Qarabağda qalanır.
Bu ilin Novruz tonqalı martın 18-də Xankəndində qalandı. Hər zaman dəyərlərimizi yaşadan rəhbərimiz bu il də ənənəni davam etdirdi. Cənab İlham Əliyev xalqı Novruz bayramı münasibəti ilə təbrik etdi, sevinc hisslərini bölüşdü. Çıxışı zamanı bizə bu xoşbəxtliyi yaşadan şəhidlərimizi, qazilərimizi, əsgərlərimizi də unutmadı. Azərbaycan gəncinin vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildiyi ilə qürur duydu. Prezident həmçinin, Xankəndi şəhərinin tarixindən bəhs etdi. Bildirdi ki, bundan sonra Xankəndi şəhərinin əsas meydanı “Zəfər meydanı” adlandırılır.
İllər sonra ilk dəfə Azərbaycan Respublikasının bütün torpaqlarında Novruz bayramı keçirilir. Altı ay qabaq bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam olaraq bərpa edilmişdir. Ədalət yerini tapdı. Qəlbimizdəki yükdən azad olduq, gözümüzdəki nisgil silindi. Bundan sonra neçə-neçə Novruzu şad-xürrəm, sağlıqla, başımız dik, alnımız açıq qarşılayacağıq! Azərbaycan əsgəri gələcək nəslə sevgi dolu, xoşbəxt bayramlar miras qoydu!
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva


Oxşar xəbərlər